Kreml Putin və Ərdoğan arasında telefon danışığı barədə məlumat yayıb

29-06-2016, 18:14           
Kreml Putin və Ərdoğan arasında telefon danışığı barədə məlumat yayıb
Kreml Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş telefon danışığı barədə məlumat yayıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Kremlin mətbuat xidməti məlumatında bildirilir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana dünən İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.

Söhbət zamanı hər iki tərəf terror təhlükəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Rusiya prezidenti Nazirlər Kabinetinə iqtisadi-ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlığın bərpa edilməsi edilməsi haqqında göstəriş verəcəyini bildirib.

Qeyd olunub ki, rusiyalı turistlərə Türkiyəyə səyahət etməyin məhdudlaşdırılması tədbirləri geri götürülür. Bununla bərabər Türkiyə hökumətinin Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etməsi istiqamətində əlavə addımlar atması arzulanıb.

Həmçinin Rusiya və Türkiyə XİN başçılarının iyulun 1-də Soçidə görüşü razılaşdırılıb. Bu görüşdə regiondakı vəziyyət, Suriya böhranı və Rusiya-Türkiyə əlaqələrinin gələcək inkişafı məsələləri müzakirə olunacaq. Hər iki ölkə lideri yaxın perspektivdə görüşün keçirilməsinin mümkünlüyü barədə razılaşıblar. Ümumilikdə görüş işgüzar, konstruktiv xarakter daşıyıb və çoxplanlı ikitərəfli əməkdaşlığın bərpa olunmasına istiqamətlənib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.