Azərbaycan futbolunda nadir hadisə baş verdi - Bu, nə idi belə?!

2-05-2024, 12:04           
Azərbaycan futbolunda nadir hadisə baş verdi -
Bu gün I Liqada 23-cü tura yekun vurulub. «Difai» son oyun günündə «Mingəçevir»lə qarşılaşıb - 4:1.

Çempionatda qalmaq uğrunda mübarizə aparan komandaların duelində maraqlı hadisə yaşanıb.

Belə ki, «işıqlar şəhəri»nin təmsilçisi 82-ci dəqiqədə gözlənilmədən hesab arasındakı fərqi azaldıb. Autdan ötürülən topa sürüşmə fəndi ilə yetişən Nihad Xəlilli toru silkələyib.

Halbuki bu epizodda «fədailər»in bütün futbolçuları dayanaraq, rəqibin onların qapıçısı Əlirza Müştəbəzadəyə tərəf ötürməsini gözləyirdi.

Səbəbsiz yerə deyil: ondan qabaq «Mingəçevir»in futbolçusu zədə aldığından, Müştəbəzadə ona həkimlərin yardım göstərməsi üçün «yuvarlaq meşin»i meydandan çıxarmışdı.

Qarabağ qazilərinin komandası rəqibin «feyr-pley»ə əməl edəcəyinə əmin olduğundan, belə bir olayın yaşanması hamını şoka saldı.

Meydandakılar ani hadisədən çaşqınlıq keçirsə də, tribunadan gələn çağırış birmənalı qarşılanıb.

«Mingəçevir» rəhbərliyi vəziyyəti düzgün qiymətləndirərək, futbolçulara səslənib: «Bu, doğru olmadı, imkan verin, onlar qol vursun».

Baş məşqçi Ədahim Niftəliyev rəsmilərin fikri ilə razılaşıb, bu göstərişi oyunçularına çatdırıb.

Belədə Bayraməli Qurbanov mərkəzdən top götürərək qapıya tərəf maneəsiz irəliləyib və fərqi yenidən artırıb. «Feyr-pley»in təmin olunması stadiona toplaşmış azarkeşlərin alqışı ilə qarşılanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.