İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
2-05-2024, 12:23
Gürcüstanda “Xarici agentlərin qeydiyyatı” haqqında qanun layihəsinə etirazlar Rusiya ilə Qərbin Cənubi Qafqazda güclənən rəqabətinin indikatorudur.
Tbilisinin Qərblə Rusiya arasındakı kəskin mübarizənin dişləri arasında sıxılacağı gözlənilən idi. Bu, Ukraynadakı müharibədən sonra daha da aktivləşib.
Ölkədəki Qərb oriyentasiyalı qüvvələr hesab edir ki, Gürcüstan hökumətinin təqdim etdiyi qanun layihəsi Rusiyanın təsir imkanlarının artırılmasına xidmət edir.
Hələ ötən il Gürcüstanda qanun layihəsinə etirazlar başlamışdı, amma bu, inqilabi sıçrayış əldə etmək potensialından məhrum oldu. Hərçənd ki, iqtidar qanun layihəsini parlamentdən geri çağırmışdı.
Əslində isə bu geriçəkilmə iqtidarda olan “Gürcü Arzusu” Partiyasının təsisçisi və fəxri sədri, keçmiş baş nazir, milyarder Bidzina İvanişvili tərəfindən irəli sürülmüş, Qərbin təsir dairəsini hiyləyə salan bir gediş idi.
Bunu İvanişvilinin Tbilisidə hökumətlə müxalifət arasında qarşıdurmanın davam etdiyi vaxtda etdiyi müraciətin mətnindən görmək elə də çətin deyil.
İvanişvilinin tərəfdarlarına müraciəti onun siyasi karyerasının ən radikal alovlu çıxışı kimi qiymətləndirilə bilər.
İvanişvili bəyanatında:
- ABŞ və NATO-nu tənqid edərək onları Ukraynanı, Gürcüstanı yem kimi istifadə cəhdlərində ittiham edib,
- Keçmiş prezident Mixail Saakaşvili və komandasından danışarkən “Qərbin təsir qüvvəsi və əlaltıları” kimi təsvirlərdən gen-bol istifadəyə yer verib,
- QHT-ləri inqilab təşkil etmək cəhdində ittiham edib və ona qarşı çıxanların hamısını həbslərlə hədələyib.
Ancaq İvanişvili Gürcüstanın müstəqilliyi, suverenliyi haqqını Qərbi ittiham etmək fonunda qüvvətləndirsə də, Rusiyanın proseslərdəki rolu barədə mövqe səsləndirməyib.
Beləliklə, İvanişvilinin çıxışını Rusiya-Qərb qarşıdurması fonunda şərh edərkən fikir irəli sürə bilərik ki:
- Cənab İvanişvili Kremlin Qərblə bağlı bir sıra informasiya əməliyyatlarını təkrarlayıb;
- O, Gürcüstana qarşı cəbhənin “Qlobal Müharibə Partiyası” tərəfindən qızışdırıldığını iddia edib;
- Onun bu ifadəni qeyd edərkən konkret nəyi nəzərdə tutduğu bilinmir, lakin həmin fraza qeyri-müəyyən Qərb aktorları kimi xarakterizə edilə bilər.
Ancaq İvanişvilinin nə deməyindən asılı olmayaraq, Qərbin Gürcüstanda Rusiyaya qarşı təzyiq rıçaqları yaratmaq istədiyi faktı da mövcuddur. İvanişvili isə mövqeyini Gürcüstanın milli, təhlükəsizlik maraqları çərçivəsində izah edərkən sadəcə olaraq Kreml oxu tərəfə əyildiyini qətiyyən gizlətmir.
Lakin İvanişvili yuxarıda dediyimiz kimi, pərdəarxasında müxalifət qüvvələrinin enerjisini tükətmək üçün çox yaxşı drijorluq edir.
“Boz kardinal” bu manevrini müraciətində izah etməkdən belə yayınmayıb. Beləliklə, İvanişvili qanun layihəsinin ötən il geri götürülməsini iki səbəblə izah edir və perspektiv hədəfini ortaya qoyur.
Birincisi, müxalifətin həmin zaman ictimaiyyətin böyük bir hissəsini çaşdırmağa müvəffəq olması ilə əlaqəli idi.
İkincisi, İvanişvili qeyd edir ki, qanun geri çağırılmasaydı, dövlət ölkədə sabitliyi təmin etmək məsələsində çətinliklərlə üzləşəcəkdi.
Milyarder gələcək planını isə hazırda Gürcüstan müxalifəti üzərinə proyeksiya etməsi ilə açır.
İvanişvilinin məqsədi, qərbmeyilli qüvvələrin payızda ölkədə keçiriləcək parlament seçkisinə qədər enerjisini vaxtından əvvəl tükətməkdən ibarətdir.
Öz təbirincə desək, yığılmış enerjinin vaxtından əvvəl xərclənməsi həmin şəbəkənin gücünü tamamilə tükəndirəcək.
Amma bunlar İvanişvilinin “yol xəritəsidir”, hər şey onun təsvir etdiyi kimi getməyə və müxalifət daha böyük güc tapıb meydanlarda davamlı etirazlara başlaya bilər.
Göründüyü kimi, Gürcüstanda Qərbə inteqrasiya tərəfdarları ilə Rusiya ilə əlaqələri nəzərə alan qüvvələrin hərəsinin öz motivasiyaları var. Bunlar gələcəkdə Gürcüstanın daha həssas dövrə qədəm qoymasını sürətləndirə və ölkənin siyasi sabitliyi üçün təhlükələr gətirə bilər.
Aqşin Kərimov,
Siyasi təhlilçi
TEREF