Kütləvi etirazlara baxmayaraq, Gürcüstanın “xarici agent” qanun layihəsi qanuna çevrilib
4-06-2024, 09:37
Gürcüstanın mübahisəli “xarici agent” qanun layihəsi həftələrdir davam edən kütləvi etirazlar, ABŞ və Avropa İttifaqının ölkənin gələciyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, qanuna çevrilib.
Qanun parlamentin spikeri Şalva Papuaşvili tərəfindən imzalandıqdan az sonra iyunun 3-də Gürcüstanın qanunverici qəzetində dərc edilib.
Bundan əvvəl Gürcüstanın qərbyönlü prezidenti Salome Zurabişvili ona qaytarıldıqdan sonra qanunu imzalamaqdan imtina etmişdi. Mayın 28-də parlamentdə keçirilən səsvermə onun mayın 18-dən qanun layihəsinə qoyduğu vetosunu ləğv edib.
Gürcüstan konstitusiyasına görə, əgər prezident qanunvericilər tərəfindən ləğv edildikdən sonra qanunu təsdiq etməzsə, parlamentin spikeri onu imzalamaq hüququna malikdir.
Rusiyadakı oxşar qanun əsasında hazırlanan mövcud qanun, maliyyəsinin 20 faizindən çoxunu xarici mənbələrdən alan vətəndaş cəmiyyəti və media təşkilatlarından hələ müəyyən edilməmiş cinayət əməllərinə görə sanksiyaları əhatə edə biləcək nəzarətə tabe olmağı tələb edəcək.
“Emosiyalar səngidi və radikal müxalifətin etirazına qoşulan vətəndaşların çoxu artıq gördü ki, əslində şəffaflıq qanunu qeyri-hökumət təşkilatlarının və onları maliyyələşdirənlərin məsuliyyətini və hesabatlılığını artıracaq, siyasi sistemi təkmilləşdirəcək, dezinformasiyanı zəiflədəcək, radikalizmi və qütbləşməni azaldacaq” deyə Papuaşvili iyunun 3-də parlamentdə keçirdiyi brifinqdə qanunu elan edərkən bildirib.
Qanun dərc olunduqdan sonra qismən qüvvəyə minib. Dövlət qurumları lazımi hazırlıq işləri gördükdən sonra 60 gün ərzində tam həcmdə qüvvəyə minəcək.
“Gürcü Arzusu”nun qanundan məcburiyyət vasitəsi kimi istifadə etmək niyyətində olduğuna dair ilk işarələr gəlməyə başlayıb. “Gürcü Arzusu”nun baş katibi, eyni zamanda paytaxt Tbilisinin meri Kaxa Kaladze qanunun dərc olunandan sonra bildirib ki, xaricdən maliyyələşən və qanunun nəzərdə tutduğu məlumat bazasında qeydiyyatdan keçməyənlər cərimələnəcək və əmlaklarına həbs qoyulacaq.
"Əgər onlar tələblərə əməl etməsələr, maliyyə cəzaları və sonra müsadirə var" deyn Kaladze əlavə edib ki, "Onlar fəaliyyət göstərə və vəsait ala bilməyəcəklər".
Qanun ölkə ictimaiəti və beynəlxalq qrumular tərəfindən ciddi tənqidlərlə üzləşib. Qanun layihəsinə qarşı həftələrlə davam edən etirazlar zamanı yüzlərlə insan həbs edilib. Nümayişlər zamanı polis gözyaşardıcı qaz, su şırnaqları istifadə edib.