Fransa Ukraynaya “Mirage 2000” qırıcıları verəcək - Makron açıqladı

7-06-2024, 12:14           
Fransa Ukraynaya “Mirage 2000” qırıcıları verəcək - Makron açıqladı
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin hərbi yardım çərçivəsində Ukraynaya “Mirage 2000” döyüş təyyarələri verəcəyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı “TF1” və “France 2” telekanallarına müsahibəsində söyləyib.

“Fransa ukraynalılara müqavimət göstərməyə kömək edir, ancaq biz gərginliyin artmasını istəmirik”, – Qərbi Avropa ölkəsinin lideri bildirib.

Makron iyunun 7-də baş tutacaq Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı yeni əməkdaşlığa başlayacağını açıqlayıb. Söhbət Ukraynanı “Mirage 2000” qırıcıları ilə təmin etməkdən, eləcə də təyyarəçilərin hazırlanmasından gedir.

Qeyd edək ki, “Mirage 2000” döyüş təyyarəsi dördüncü nəsil çoxməqsədli qırıcıdır. 1970-ci illərdə hazırlanmış qırıcı 1984-cü ildən Fransanın arsenalındadır. “Mirage 2000” 20-ci əsrin sonu – 21-ci əsrin əvvəlində Fransa Hərbi Hava Qüvvələrinin əsas döyüş təyyarəsi olub. Təyyarə Asiya, Avropa və Latın Amerikasının bir sıra ölkələrinin istismarına da verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.