İsrail Rəfaha bombardmanını gücləndirir, tanklar qərbə doğru irəliləməyə çalışır

8-06-2024, 12:54           
İsrail Rəfaha bombardmanını gücləndirir, tanklar qərbə doğru irəliləməyə çalışır
Vasitəçilərin Qəzza müharibəsində atəşkəs əldə etmək səylərində heç bir irəliləyişin olmadığı bir vaxtda, İsrail qüvvələri gecə ərzində Rəfahı havadan və qurudan vurub, tankları isə qərbə doğru irəliləməyə çalışıb. Bu barədə yerli sakinlər məlumat verib.

İsrail əsgərləri ilə HƏMAS-ın rəhbərlik etdiyi fələstinli döyüşçülər arasında şiddətli atışma getdiyi də bildirilir.

Sakinlərin xəbər verir ki, Misirlə sərhəddə nəzarəti ələ keçirən tanklar şəhərin qərbinə və mərkəzinə doğru bir neçə dəfə reydlər keçirib. Reydlər vaxtı evlərində ilişib qalan bir neçə sakin yaralanıb.

"Düşünürəm ki, işğalçı qüvvələr Rəfahın çimərlik ərazisinə çatmağa çalışırlar, gecə ərzində edilən basqınlar və bombardmanlar taktiki xarakter daşıyırdı. Onlar geri çəkilməzdən əvvəl əraziyə daxil olarkən güclü atəşə məruz qalıblar" deyə fələstinlilərdən biri deyib.

"Bu ən pis gecələrdən biri idi, bəzi insanlar bu səhər evakuasiya edilməzdən əvvəl evlərində yaralandılar" deyə o, çat tətbiqi vasitəsi ilə Reuters-ə bildirib.

Həkimlər bildiriblər ki, İsrail qüvvələri həmçinin Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc düşərgəsi daxilində də quru əməliyyat keçirib, digər iki düşərgəni və yaxınlıqdakı bir şəhəri təyyarə və tanklarla şiddətli bombardmana məruz qoyaraq, bir neçə fələstinlini öldürüb və yaralayıb.

Digər tərəfdən isə HƏMAS-ın silahlı qanadları, İslami Cihad və daha kiçik qruplar döyüşçülərinin anklavın mərkəzi və cənubundakı bir neçə bölgədə işğalçı İsrail qüvvələrinə qarşı hücumlar həyata keçirdiklərini bildiriblər.

Qətər və Misirdən vasitəçilər, Birləşmiş Ştatların dəstəyi ilə, döyüş əməliyyatlarını dayandıracaq, israill girovları və İsraildə həbsdə olan bir sıra fələstinli məhbusu azad buraxacaq atəşkəs razılaşmasına nail olmaq səylərini artırsalar da, danışıqlara yaxın mənbələr heç bir irəliləyiş əlamətinin olmadığını bildirib.

Noyabr ayında qısa bir həftəlik atəşkəsdən bəri, başqa atəşkəs əldə etmək cəhdləri uğursuzluğa düçar olub. Belə ki, HƏMAS münaqişəyə birdəfəlik son qoyacaq atəşkəs tələbində israr edir. İsrail isə deyir ki, silahlı qrup məğlub olana qədər yalnız müvəqqəti fasilələri müzakirə etməyə hazırdır.

"Biz razılığa gəlmək üçün lazım olan bütün çevikliyi nümayiş etdirdik, lakin İsrailin işğalı təcavüzü dayandırmaq və öz qüvvələrini Qəzza zolağından çıxarmaq üçün hər hansı öhdəlik götürməkdən imtina etməkdə davam edir" deyə HƏMAS rəsmisi Reuters agentliyinə bildirib.

"İndiyə qədər razılaşmanın olmamasında günahkarlar işğal və amerikalılardır, çünki onlar bizim xalqımıza qarşı bu müharibənin bitməsini istəmirlər" deyə o əlavə edib.

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı, İsrail rəsmilərinin bildirdiyinə görə, 1200-ə yaxın insanın ölümü və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnən terror hücumu həyata keçirməsindən sonra başlayıb. Girovların təxminən yarısı noyabrda əldə olunan atəşkəs nəticəsində sərbəst buraxılıb.

HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin məlumatına görə, İsrail ordusunun hücumu nəticəsində 36 mindən çox insan ölüb. Onlar minlərlə insanın hələ də dağıntılar altında qaldığını bildirir.

ABŞ və İsrail rəsmiləri Reuters agentliyinə bildiriblər ki, HƏMAS qüvvələrinin yarısı münaqişədə həlak olub. HƏMAS həlak olan döyüşçüləri haqqında məlmat vermir və bəzi rəsmilər İsrailin rəqəmləri şişirtdiyini deyir. İsrailin özünün itiridiyi hərbçilərinin sayı isə 300-ə yaxındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.