İranda prezident seçkilərində yarışacaq 6 namizəd təsdiq edilib

10-06-2024, 11:34           
İranda prezident seçkilərində yarışacaq 6 namizəd təsdiq edilib
İranın Nəzarət Şurası prezident İbrahim Rəisinin və daha 7 nəfərin həlak olması ilə nəticələnən helikopter qəzasından sonra bazar günü ölkənin sərt xətt tərəfdarı parlament spikeri və daha 5 nəfərin iyunun 28-də ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini təsdiqləyib.

Şura 2009-cu ildə yenidən seçildiyi mübahisəli seçkilərdən sonra repressiyalarla tanınan alovlu populist, keçmiş prezident Mahmud Əhmədinejadın namizədliyini yenidən təsdiq etməyib.

Şuranın qərarı bir zamanlar 85 yaşlı ali dini lider Ayətullah Əli Xameneyinin mümkün varisi hesab edilən Rəisini əvəz etmək üçün qısaldılmış, iki həftəlik kampaniyanın açılışını əks etdirir.

Xameneyinin nəzarət etdiyi bir qrup din xadimləri və hüquqşünaslardan ibarət olan Nəzarət Şurası tərəfindən namizədlərin təsdiqlənməsi İranın şiə teokratiyasının son səsvermələrdə rekord aşağı seçici fəallığının müşahidə edilməsindən sonra və ölkənin sürətlə irəliləyən nüvə proqramı, eləcə də İsrail-Həmas müharibəsi ilə bağlı gərginliyin yüksək yüksək olaraq qaldığı şəraitdə seçkiləri asanlaşdırmağa ümid etdiyini göstərir.

Nəzarət Şurası eyni zamanda, qadınlar və ya ölkədə köklü dəyişikliklərə çağıran hər hansı bir namizədi qəbul etməmək siyasətini davam etdirib.

Seçki kampaniyasının İranın dövlət televiziya kanalında namizədlər arasında canlı televiziya debatlarını əhatə edəcəyi gözlənilir.

Namizədlərdən heç biri indiyə qədər detalları təqdim etməyib, lakin onların hamısı ABŞ və digər Qərb ölkələrinin İranın nüvə proqramı ilə əlaqədar tətbiq etdiyi sanksiyalardan əziyyət çəkən və uranı əvvəlkindən daha çox silah istehsalı səviyyəsinə qədər zənginləşdirən ölkənin iqtisadi vəziyyətinin yaxşılaşacağını vəd edir.

Bu kimi dövlət məsələləri ilə əlaqədar son qərarı Xameneyi verir, lakin əvvəllər prezidentlər bununla bağlı ya Qərblə əlaqə saxlamağa, ya da qarşıdurmaya meyl ediblər.

Namizədlər arasında ən tanınmış siyasətçi ölkənin hərbiləşdirilmiş İnqilab Keşikçiləri Qvardiyası ilə yaxın əlaqələri olan Tehranın keçmiş meri, 62 yaşlı Məhəmməd Bağer Qalibaf olaraq qalır. Bununla belə, çoxları Qalibafın keçmiş qvardiya generalı kimi 1999-cu ildə İran universitetlərinin tələbələrinə qarşı amansız repressiyalarda iştirak etdiyini xatırlayır. Onun həmçinin 2003-cü ildə ölkənin polis rəisi olarkən tələbələrə qarşı canlı atəşdən istifadə edilməsi barədə göstəriş verdiyi bildirilir.

Qalibaf 2005 və 2013-cü illərdə prezidentliyə namizədliyini irəli sürmüşdü. O, 2017-ci ildə Rəisinin prezidentlik uğrunda ilk uğursuz yarşı zamanı ona dəstək vermək üçün seçki kampaniyasından çəkilmişdi. Rəisi 2021-ci ildə bütün əsas rəqibləri diskvalifikasiya edildikdən sonra İranda indiyə qədər ən aşağı seçici fəallığının müşahidə edildiyi prezident seçkilərində qalib gəlmişdi.

Xameneyi keçən həftə çıxış edərək, Qalibaf tərəfdarlarının potensial olaraq ali liderin spikerə dəstəyinə işarə kimi qiymətləndirdiyi keyfiyyətlərə toxunub.

Nəzarət Şurası Holokostu sorğulayan keçmiş prezident Əhmədinejadı diskvalifikasiya edib. Əhmədinejad səlahiyyət müddətinin sonuna doğru Xamneyiyə getdikcə daha çox meydan oxuyurdu. O həmçinin 2009-cu ildə Yaşıl Hərəkat etirazlarını qanlı şəkildə yatırtması ilə yadda qalıb. Əhmədinejad keçən seçkilərdə Şura tərəfindən diskvalifikasiya edilmişdi.

Seçki İranın Ukraynaya qarşı müharibədə Rusiyanı silahlandırmasına görə İranla Qərb arasında gərginliyin artdığı bir vaxt keçirilir. Yəməndə husi üsyançılarının Qəzza zolağında İsrail-Həmas müharibəsi ilə əlaqədar Qırmızı dənizdə gəmilərə hücumu ilə İranın Yaxın Şərqdə proksilərə dəstəyi getdikcə daha çox diqqət mərkəzində qalır.

Prezident Rəisi, İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian və başqaları mayın 19-da İranın ucqar şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar. Qəza ilə bağlı təhqiqat davam edir.

Rəisi İranın vəzifədə olduğu zaman həyatını itirən ikinci prezidentidir. 1981-ci ildə ölkədə İslam İnqilabından sonrakı xaotik günlərdə prezident Məhəmməd Əli Rəcai bomba patlayışı nəticəsində həyatını itirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.