İranın ətraf mühit təşkilatı Dizmar bölgəsinin adının dəyişdirilməsindən imtina edib
14-06-2024, 09:14
İranın Ətraf Mühit Təşkilatı İran Azərbaycanında Dizmar bölgəsinin adının dəyişdirməsindən imtina edib.
Keçmiş prezident İbrahim Rəisini daşıyan helikopterin Dizmar bölgəsinin meşələrində qəzaya uğramasından sonra İranın Ətraf Mühit Təşkilatı bu bölgənin adının "Şəhid-i Cumhur" olaraq dəyişdirilməsi ilə bağlı qərarını açıqlamışdı.
Mehr xəbər agentliyinin məlumatına görə, İranın Ətraf Mühit Təşkilatının ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Meyşəm Səidi Təbrizdə keçirdiyi mətbuat konfransında Dizmər bölgəsinin tarixi adının dəyişdirilməyəcəyini bildirib.
O bildirib ki, həmin təşkilat hadisə yerində İbrahim Rəsinin xatirəsinə abidə ucaldacaq.
İran Azərbaycanının şimalında yerləşən Dizmər meşəlik bölgəsinin tarixi adının dəyişdirilməsi qərarı milli fəallar və Azərbaycan siyasi təşkilatları tərəfindən kəskin narazılıq ilə qarşılanmışdı.
Ümumiyyətlə, İran Azərbaycanındakı siyasi və ictimai fəallar bu bölgənin müxtəlif yerlərinin tarixi adlarının qaytarılmasını tələb edirlər. Onlara görə, Pəhləvi dövründən etibarən bir çox kənd və şəhər adları dəyişdirilməklə yanaşı, dağlar, çaylar və s. kimi coğrafi mövqelər də dəyişdirilmişdir və bu adların geri qaytarılması bölgədə tarixi şüurun artırılması, dil kimliyinin birləşdirilməsi, mədəni kimliyin və irsin qorunması və dirçəldilməsi üçün müsbət addım olacağını irəli sürürlər.