ABŞ-da anomal istilər 270 milyon insanı əhatə edəcək
19-06-2024, 10:23
ABŞ-da hökm sürən anomal istilər həftə sonuna qədər 270 milyon insanı əhatə edəcək. AZƏRTAC-ın məlumatına görə, çərşənbə axşamından cümə gününə kimi ABŞ-ın Mərkəzi Qərb və Şimali-Şərq bölgələrində istiliyin ən yüksək həddə çatacağı proqnoz edilir. ABŞ Milli Meteoroloji Xidmətinin yaydığı məlumata əsasən, bu, son onilliklərdə ən uzun davam edəcək anomal istilər olacaq. Bildirilib ki, 32 dərəcə və daha yüksək rekord istilər ABŞ-ın 200-ə yaxın şəhərini əhatə edəcək.
Sinoptiklər bu cür havanın adətən iyulun ortalarında qeydə alındığını açıqlayıblar.
Mütəxəssislər anomal istilərin daha da şiddətlənəcəyi xəbərdarlığını ediblər.
Çikaqo əhalisi istiliyi 40 dərəcəyə qədər hiss edəcək. Şərqi Nyu-York və Yeni İngiltərə bölgəsində istilik 41 dərəcəyə qədər yüksələcək.