ABŞ İsrailin Livana hücumunun müharibəni daha da genişləndirə və İranın cəlb oluna biləcəyi barədə xəbərdarlıq edib
25-06-2024, 10:58
ABŞ və Avropa rəsmiləri İsrailin Livanda İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşmasına qarşı hücumuna görə Qəzzada müharibənin genişlənməsi ehtimalı barədə xəbərdarlıq edir.
Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Cozep Borrell bazar ertəsi Lüksemburqda jurnalistlərə deyib ki, müharibənin genişlənmə riski hər gün daha da artır.
"Fikrimcə, təəssüflər olsun ki, biz müharibənin genişlənməsi ərəfəsindəyik," Borrell deyib.
O, həmçinin humanitar yardım axınını asanlaşdırmaq üçün Qəzzada atəşkəsə böyük ehtiyac olduğunu deyib və bildirib ki, "Qəzzaya humanitar yardımın çatdırılması qeyri-mümkün olub".
Borrell şərhlərini ABŞ-ın yüksək səviyyəli hərbi zabitinin İsrailin Livana hücumunun münaqişə riskini artıracağı və İranı "Hizbullah"a yardıma cəlb edəcəyi xəbərdarlığından bir neçə saat sonra verib.
İsrail İranın dəstəklədiyi HƏMAS-ı məhv ermək üçün aylardır Qəzza zolağında hərbi əməliyyatlar keçirir, eyni zamanda İsrail-Livan sərhədində "Hizbullah"la gündəlik atışmalara cəlb olunub.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, Hərbi Hava Qüvvələrinin generalı Çarlz Q. Braun jurnalistlərə İran "Hizbullah"a dəstək verməyə daha çox meylli olacaq" deyib və militantları HƏMAS-dan daha çox resursa malik qüvvə kimi təsvir edib.
İsrailin baş naziri Benyamin Netanyahunun bazar günü dediyinə görə, Qəzzada HƏMAS-a qarşı mübarizənin "intensiv mərhələsi çox yaxında" başa çatacaq. Lakin o əlavə edib ki, İsrail çox güman ki, Livanla sərhəd zonaya qoşun yeridəcək.
İsrailin Kanal 14-nə verdiyi müsahibəsində Netanyahu deyib ki, qoşunların şimala köçürülməsi ölkənin "Hizbullah"a qarşı müdafiə mövqeyini gücləndirəcək və Livan-İsrail sərhədi yaxınlığındakı döyüşlərdən qaçan israillilərin evlərinə qayıtmasına imkan verəcək.
O, "Hizbullah"la münaqişənin diplomatik həll yolunun tapılacağına ümid etdiyini bəyan etsə də, İsrail "bir neçə cəbhədə mübarizə apara bilər və biz də buna hazırlaşırıq" deyə, bildirib.
İsrailin müdafiə naziri Yoav Qallantın bazar ertəsi Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Austinlə görüşü zamanı Qəzzadakı müharibə və daha geniş münaqişə riski danışıqların əsas mövzusu olacaq.
Qəzzada müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna hücum edərək, 1200 nəfəri öldürüb, 250 adamı girov götürməsindən sonra başlayıb.
İsrailin cavab olaraq Qəzzada apardığı hərbi əməliyyat nəticəsində ərazinin böyük bir hissəsi dağılıb, 37,400-dən çox insan ölüb, 85,600-dən çox insan yaralanıb.