Rusiya rəsmiləri Ukraynanın pilotsuz təyyarəsinin neft emalı zavodunu zədələdiyini bildirib
23-07-2024, 10:58
Rusiyanın Krasnodar vilayətinin rəsmiləri bazar ertəsi Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində neft emalı zavoduna ziyan dəydiyini bildirib.
Rəsmilər Rusiyanın neft nəhəngi Rosneft-ə məxsus Tuapse neft emalı zavodunda yanğın baş verdiyini və sonradan söndürüldüyünü bildirib.
Eyni zavod bu ilin əvvəlində Ukraynanın bir neçə hücumu nəticəsində zədələnmişdi.
Rusiya Müdafiə Nazirliyi bazar ertəsi Rusiya-Ukrayna sərhədi boyunca və ona yaxın ərazilərdə, o cümlədən 8-i Krasnodar üzərində olmaqla, keçən gecə Ukraynanın 75 pilotsuz uçuş aparatını məhv etdiyini bildirib.
Ukraynanın pilotsuz təyyarələrinin bu bölgələrə hücumları xarakterik olsa da, bazar ertəsi miqyas həmişəkindən daha böyük olub.
Rusiya Müdafiə Nazirliyi Rostov vilayəti üzərində 47 pilotsuz təyyarənin məhv edildiyini bildirib. Rəsmilərin dediyinə görə, bir neçə kiçik meşə yanğını qeydə alınıb, lakin xəsarət alan olmayıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında Ukraynaya məxsus pilotsuz uçuş aparatının traktoru idarə edən bir nəfəri öldürdüyünü, bir nəfəri yaraladığını yazıb.
Rusiya hava hücumundan müdafiə qüvvələri Voronej və Smolensk üzərində pilotsuz aparatları vurub, burada rəsmilər xəsarət alan olmadığını bildiriblər.
Daha 17 Ukrayna pilotsuz təyyarəsi Qara dəniz və Azov dənizi üzərində vurulub, Rusiya Müdafiə Nazirliyi bildirib.
Nazirlik bildirib ki, Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri bazar ertəsi səhər Həştərxan vilayəti üzərində Ukraynanın daha 5 pilotsuz təyyarəsini vurub.
Ukrayna ordusu bazar ertəsi Hava Hücumundan Müdafiə Qüvvələrinin keçən gün ərzində Rusiyanın 16 pilotsuz təyyarəsini məhv etdiyini bəyan edib.
Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak Telegram kanalında Rusiyanın artilleriya və kamikadze dronları ilə hücum edərək, bir neçə kəndə zərbələr endirdiyini və evlərə ziyan dəydiyini yazıb.
Bazar ertəsi Sumı vilayətinin rəsmiləri də Rusiyanın mərmi və dron hücumları həyata keçirdiyini bildirib.