Netanyahu Baydenin yarışdan çıxmasının ardınca Vaşinqtona səfər edir
23-07-2024, 11:34
İsrailin baş naziri Benyamin Netanyahu qızğın müharibəni geridə qoyaraq, Co Baydenin prezidentlik yarışından geri çəkilməsindən sonra həssas bir məqamda Vaşinqtona səfər edir. Səfər əsnasında onun ABŞ Konqresində çıxışı gözlənilir.
İsrail və HƏMAS arasında atəşkəs əldə etmək üçün davam edən səylər, müharibənin Livan və Yəmənə sıçraması ilə bağlı narahatlıqların artması və başgicəlləndirici seçki kampaniyasının ortasında ABŞ-da Netanyahunun çıxışı okeanın hər iki tayında qarışıqlıq yarada bilər.
Risklər Baydenin bazar günü prezidentlik yarışından çıxmaq qərarı, xüsusən də əvəzedici Demokrat namizədin və potensial növbəti Amerika liderinin seçimi hələ də qeyri-müəyyən qalması ilə artıb.
Baydenin cədvəli ilə tanış olan şəxs bazar günü prezidentin Netanyahunu Ağ Evdə qəbul edəcəyini təsdiqləyib. İctimaiyyətə şərh vermək səlahiyyəti olmadığı üçün anonimlik şərti ilə danışan rəsmi Baydenin COVID-19 xəstəliyinə görə görüşün dəqiq vaxtının müəyyən edilmədiyini deyib.
Netanyahunun çərşənbə günü Konqresdə çıxışı planlaşdırılır. Onun Demokrat Partiyasından prezidentliyə namizədliyini irəli sürən vitse-prezident Kamala Harrislə də görüşü gözlənilir.
Çıxışın bir neçə auditoiyaya istiqamətlənəcəyi gözlənilir ki, bunların sırasında onun öz ultramillətçi hökumət tərəfdaşları, Bayden administrasiyası və Donald Trampın Respublikaçılar Partiyası var.
Bu, Netanyahunun digər dünya liderlərindən daha çox, Konqresdə dördüncü çıxışı olacaq. Onun çıxışı zamanı ifrat sağçı iqtidar tərəfdaşları onun müharibəni davam etdirmək və HƏMAS-ı devirmək qərarını eşitmək istəyəcəklər.
Bayden administrasiyası ABŞ-ın dəstəklədiyi son atəşkəs təklifi və müharibədən sonrakı baxışla bağlı təfərrüatlar istiqamətində irəliləyiş axtaracaq. Respublikaçılar ümid edirlər ki, Netanyahunun Baydeni qınayacaq və Respublikaçıların İsrailin möhkəm dəstəkçisi kimi imicini gücləndirəcək.
Bayden administrasiyası qətiyyətlə İsrailin yanında dayanıb. Lakin İsrail ordusunun davranışı, xüsusilə Qəzza sahillərində ömrü qısa sürən ABŞ hərbi estakadasından sonra Qəzzaya humanitar yardımın çatdırılmasında davam edən çətinliklər, eləcə də İsrailin müharibədən sonrakı planlarının olmaması və mülki əhaliyə zərər vurması onu getdikcə daha çox narahat edir.
Amerikalılar yeni Demokrat prezident seçsələr, oxşar narahatlıqlar davam edəcək.
Bayden özü bu məsələlərdə ehtiyatla hərəkət edib. O, mütərəqqi Demokratlar və bir çox ərəb amerikalıların sərt tənqidi ilə üzləşib.
Hətta ABŞ-da ən yüksək rütbəli seçilmiş yəhudi, Senat Çoxluğun lideri Çak Şumer mart ayında Netanyahunun müharibəni necə aparmasını tənqid etmişdi.
Bəzi Demokratlar çox güman ki, çərşənbə günü çıxışında iştirak etməyərək Bayden və Netanyahuya qəzəblərini nümayiş etdirəcəklər. Netanyahunun səfər zamanı fələstinlilərə dəstək ifadə edən fəalların etirazı ilə üzləşəcəyi ehtimalı da var.