İran İsrailin Paris Olimpiya Oyunlarındakı iştirakını pisləyib
25-07-2024, 15:45
İran çərşənbə axşamı Parisdə keçirilən Olimpiya Oyunlarında israilli idmançıların "qəbul edilməsini və müdafiəsini" pisləyib və İsrailin Qəzzadakı müharibəsinə görə onların xaric edilməsini tələb edib.
Qəzzada mülki əhali arasında coxsaylı itkilər və genişlənən humanitar böhranla bağlı artan beynəlxalq qəzəb fonunda cümə günü keçiriləcək açılış mərasimindən əvvəl bazar ertəsi Fransaya gedən İsrailin nümayəndə heyəti Fransanın paytaxtında möhkəm qorunur.
İran Xarici İşlər Nazirliyi X-də "Aparteid terrorçu sionist rejimin nümayəndə heyətinin qəbulu və müdafiəsi uşaq qatillərinə legitimlik vermək deməkdir" yazıb.
Təşkilatçıları İsrailə qadağa qoymağa çağıran idarə "Onlar Qəzzanın günahsız xalqına qarşı müharibəyə görə, Paris Olimpiadasında iştirak etməyə layiq deyillər", deyə əlavə edib.
Qəzza müharibəsi oktyabrın 7-də İranın dəstəklədiyi HƏMAS militant qruplaşmasının İsrailə hücumundan sonra başlayıb. İsrailin rəsmi rəqəmlərinə görə, o vaxt əksəriyyəti mülki şəxslər olmaqla, İsraildə təxminən 1200 nəfər ölüb.
HƏMAS-ın idarə etdiyi ərazinin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin militantlara qarşı cavab hücumu Qəzzada əksəriyyəti mülki əhali olmaqla, azı 39,000 nəfərin ölümünə səbəb olub. May ayında İsrail ölənlərin sayının təxminən 30 min olduğunu və ölənlərin əksəriyyətinin döyüşçülər olduğunu bəyan etmişdi.
İran İsraili dövlət olaraq tanımır və özünün idmançıları ilə İsrail idmançıları arasında hər cür əlaqəni qadağan edir.
İslam Respublikası 1979-cu il İslam inqilabından sonra Fələstin məsələsinə dəstəyi xarici siyasətinin mərkəzinə çevirib.
Fevral ayında İranın Futbol Federasiyası idmanın rəhbər orqanı olan FİFA-dan Qəzzadakı müharibəyə görə israilli həmkarının fəaliyyətini dayandırmasını istəyib.
Dövlət mediasının keçən ilin avqust ayında bildirdiyinə görə, İran hökuməti Polşada keçirilən tədbirdə israilli rəqibinin əlini sıxdığına görə ağır çəkili atlet Mustafa Rəcainin fəaliyyətinə ömürlük qadağa qoyub.
2021-ci ildə İranın ali dini lideri Ayətullah Əli Xameneyi idmançıları "medal almaq üçün [İsrailin] cinayətkar rejiminin nümayəndələri ilə əl sıxmamağa" çağırıb.