Norveç öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib
29-07-2024, 07:34
Norveç Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin növbəti dəfə gərginləşməsi fonunda Livandakı ölkə vətəndaşlarına dərhal ərazini tərk etməyi tövsiyə edib.
Bu barədə ölkənin xarici işlər nazirliyinin məlumatında deyilir.
“Təhlükəsizlik vəziyyəti pisləşərsə, ölkəni tərk etmək olduqca çətinləşə bilər, bu vəziyyətdə Norveç hakimiyyətinin Livandakı Norveç vətəndaşlarına yardım göstərmək imkanları son dərəcə məhdud olacaq”, - deyə məlumatda bildirilib.
İyulun 27-də axşam saatlarında İsrail ordusu Livandan ölkənin şimalının növbəti dəfə kütləvi atəşə tutdulduğunu bildirib. Qeyd edilib ki, həmin an uşaqların olduğu Məcdəl Şəms kəndindəki futbol meydançasında mərmilərdən birinin partlaması nəticəsində 12 nəfər ölüb, 40-a yaxın insan yaralanıb. İsrail hakimiyyəti insidenti Livan və şiə Hizbullah hərəkatının üzərinə ataraq sərt cavab verəcəyini vəd edib. Hizbullah hadisə ilə bağlı hələlik məsuliyyəti öz üzərinə götürməyib.