Hicab qanununu pozduğuna görə İran polisi tərəfindən güllələndiyi bildirilən qadın iflic ola bilər
2-08-2024, 12:34
Hüquq müdafiəçiləri təqribən 10 gün əvvəl Mazəndəran vilayətində İran polis qüvvələrinin açdığı atəş nəticəsində yaralanan Arzu Bədri adlı qadının iflic ola biləcəyini bildirirlər.
Əslən Ərdəbildən olan Arzu Bədrinin güllələndiyi zaman hicab qaydalarının pozulduğuna görə həbs qoyulan nəqliyyat vasitələrinin siyahısında olan bir avtomobillə səyahət etdiyi bildirilib.
İranlı hüquqşünasların idarə etdiyi Dadban qrupu və insan haqları təşkilatı AHRAZ kimi mənbələrə əsasən, Arzu Bədrinin avtomobilinə atəş açıldığı zaman o, yoldaşı ilə birlikdə Mazəndəran vilayətinin Nur şəhərindən Babülsər şəhərinə doğru gedirmiş.
Mənbələr ailə üzvlərinə istinadən belindən xəsarət alan Arzu Bədrinin iflic ola biləcəyinə dair məlumat yayıblar.
“Güllə Arzu Bədrinin belinə dəyib. O, öncə Nur xəstəxanasına, oradan isə Sari şəhərinin İmam Xomeyni xəstəxanasına köçürülüb. Doktorların dediyinə görə, Arzunun iflic olma ehtimalı yüksəkdir. Olayla bağlı xəbərlərin yayılmaması üçün xəstəxanaya çox sayda məmur yerləşdirilib. Məmurlar Arzu Bədri və yoldaşının mobil telefonlarını alıblar,” AHRAZ təşkilatı bildirilib.
İslam Respublikasının keçən ildən qadınların geyiminə nəzarəti gücləndirmək üçün tətbiq etməyə başladığı aqressiv siyasət çərçivəsində İran polisi kameralar vasitəsilə avtomobillərdə örtünməyən qadın sərnişinləri müəyyən edir. Polis həmin avtomobillərin sahiblərinə SMS xəbərdalıq göndərir və ikinci dəfə hicab qaydalarının pozulduğu aşkar edilən avtomobillərə həbs qoyulur.