İtaliya G7 adından İrana gərginliyin azaldılmasını tövsiyə edib
4-08-2024, 12:46
İtaliyanın Xarici İşlər Nazirliyi İranın Romadakı səfirinə məktub təqdim edərək, onu bölgədə gərginliyin qarşısını almağa çağırıb.
APA xəbər verir ki, Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, XİN-in baş katibi İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani adından iranlı diplomatla görüş keçirərək məktubu ona təqdim edib.
Xüsusilə də İtaliyanın sədrlik etdiyi Yeddilik Qrupunun dəstəklədiyi İran hakimiyyətinə verilən mesaj təmkinli olmaq və gərginliyin artmasının qarşısını almaq olub.
“Prezident Məsud Pezeşkianın başçılıq etdiyi yeni administrasiyanın və bütün İran qurumlarının İtaliya və Avropanın bütün ölkələri ilə dialoq yolunu tutması İtaliya üçün vacibdir və G7 hər zaman istənilən siyasi və diplomatik fəaliyyətdə iştirak etməyə hazırdır”, - deyə məktubda deyilir.