Ərdəbil vilayətində dörd siyasi fəal prukurorluğa çağırılıb
5-08-2024, 17:58
Ərdəbil vilayətinin Meşginşəhr (Xiyav) şəhərində dörd siyasi fəalın ümumi və inqilab prokurorluğuna çağırıldığı bildirilib.
Araz News, Günaz TV və İran Wire xəbər saytı kimi mənbələrin bildirdiyinə görə, Meşginşəhr ümumi və inqilab prokurorluğu bu yaxınlarda türk fəallar Kazım Səfabəxş, Siyamək Seyfi, Saman Bidar və Salar Mehdipura çağırış vərəqəsi göndərilib.
“Prokurorluğun 3-cü şöbəsindən göndərilən çağırışda sözügedən fəallardan məruz qaldıqları ‘milli təhlükəsizliyi pozmaq məqsədilə ümumi intizamı qarışdırmaq’ ittihamı ilə əlaqədar 5 gün ərzində şöbəyə müraciət etmələri tələb edilib,” Araz News bildirib.
Verilən möhlət ərzində müraciət edilmədiyi təqdirdə fəallara qarşı həbs qərarı çıxarılacağı bildirilib.
Araz News saytının xəbərinə görə, Kazım Səfabəxş, Siyamək Seyfi, Saman Bidar və Salar Mehdipur iyul ayında Savalan dağının zirvəsinə çıxarkən nəzarət altına alınıb və bir neçə saatdan sonra sərbəst buraxılıblar.
Bu fəallar bundan əvvəl də göstərdikləri mədəni və siyasi fəaliyyətlər ilə əlaqədar təhlükəsizlik orqanlarının təzyiqlərinə məruz qalıb və mühakimə olunublar.