Ukrayna uzaqmənzilli zərbələrini gücləndirir
6-08-2024, 08:14
Rəsmilər son 24 saatda Rusiya hədəflərinə qarşı uzaqmənzilli hücumların artdığı bir vaxt Ukraynanın Rusiyanın sualtı qayığını batırdığını və Rusiya aerodromunu vurduğunu bildiriblər.
Rusiya Ukrayna dronlarının həmçinin yaşayış binasını vurduğunu və bir nəfərin öldüyünü bildirib.
İyul ayından bəri hücumların artması Ukraynanın müttəfiqlərinə Rusiyadakı hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verməsi üçün təzyiq göstərdiyi vaxta təsadüf edir.
Qərb müttəfiqləri, xüsusən də ABŞ Moskva tərəfindən eskalasiyadan ehtiyat edərək indiyədək müqavimət göstərib.
Baş Qərargah şənbə günü bildirib ki, Ukrayna Moskvanın işğalı altında olan Krım yarımadasında Rusiyanın Kilo sualtı qayığını və S-400 zenit-raket kompleksini vurub.
Hava hücumundan müdafiə sistemi Rusiya qüvvələrini təchiz edən mühüm logistika və nəqliyyat qovşağı olan Kerç boğazı üzərindəki körpünü qorumaq üçün quraşdırılıb.b.
Bəyanatda deyilir ki, raket qüvvələrinin bölmələri, eləcə də Hərbi Dəniz Qüvvələri “Triumf” hava hücumundan müdafiə sisteminin dörd buraxılış qurğusunu zədələyib, Sevastopol limanında isə Rusiyanın Qara dəniz donanmasının sualtı qayığı olan “Rostov-Don” hücuma məruz qalaraq batıb.
Baş Qərargah həmçinin Ukrayna qüvvələrinin Rusiyaya kütləvi dron hücumundan sonra Rostov vilayətindəki Morozovsk hava limanını vurduğunu təsdiqləyib. Zərbələr sursat anbarlarında və idarə olunan aviasiya bombalarının saxlandığı yerlərdə qeydə alınıb.
Açıqlamada əməliyyatın Ukrayna Təhlükəsizlik Xidməti, Kəşfiyyat Baş İdarəsi və Müdafiə Nazirliyi tərəfindən həyata keçirildiyi bildirilib.
Bu arada, Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib ki, bazar günü səhər saatlarında Şebekino şəhərində yaşayış binasına Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində bir qadın ölüb. Onun sözlərinə görə, Ukrayna dronları həmçinin şəhərdəki bir neçə binaya zərər vurub.
Qladkov ötən gündən bəri Ukraynanın bombardmanları və onlarla pilotsuz təyyarənin hücumu nəticəsində bölgədə 8 mülki vətəndaşın yaralandığını bildirib.
Rusiya Ukrayna dronlarının zərbələri və aerodromlar və neft anbarları da daxil olmaqla, Rusiyanın hərbi infrastrukturuna yönəlmiş uzaqmənzilli hücumların intensivliyinin kəskin artması ilə üzləşib.
Təhlilçilər Ukrayna Rusiyanın imkanlarını zəiflətmək istəyirsə, belə bir intensivləşdirməyə ehtiyac olduğunu deyirlər.