Rusiya siyasi rəhbərliyinin Baş Qərargah rəisi Valeri Gerasimovdan narazılığı pik həddə çatıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
Qeyd olunur ki, Ukrayna qoşunlarının müharibə başlayandan bəri Rusiya ərazisinə Kursk vilayətində qeydə alınan ən böyük müdaxiləsindən sonra Gerasimova qarşı təzyiq və tənqidlər daha da artıb.
“Bloomberg” Kremlə yaxın mənbələrinə istinadla yazır ki, “Gerasimov və yüksək vəzifəli hərbi məmurlar Ukrayna əsgərlərinin hücum başlamazdan iki həftə əvvəl Rusiyanın qərbindəki Kursk vilayəti ilə sərhəd yaxınlığında toplaşdığına dair kəşfiyyat xəbərdarlığına məhəl qoymayıblar. Bu barədə Prezident Vladimir Putinə heç kim məlumat verməyib”.
Nəşr iddia edir ki, məhz buna görə Rusiya daxilindəki hərbi qüvvələr üçün bu hücum gözlənilməz olub və Ukraynanın irəliləməsinə praktiki olaraq heç bir müqavimət göstərilməyib. Qeyd olunur ki, Gerasimovun qısa müddətdə vəzifəsindən uzaqlaşdırılması çətin olsa da, onun orduya rəhbərliyindən narazı qalan Kremlin “səbri tükənir”.