Naqasaki atom bombası atılmasının 79-cu ildönümünü qeyd edir
10-08-2024, 17:14
Naqasaki İkinci Dünya Müharibəsinin sonunda atom bombasının atılmasının 79-cu ildönümününü qeyd edir. Mərasim cümə günü Amerika səfiri və digər Qərb ölkələri elçilərinin iştirakı olmadan keçirilib.
Mərasimə 100 ölkədən nümayəndələr də daxil olmaqla, 2000-dən çox insan qatılıb. Lakin ABŞ-ın və Yeddilik Qrupunun digər beş ölkəsinin - Kanada, Fransa, Almaniya, İtaliya,Böyük Britaniyanın və Avropa İttifaqının səfirləri iştirak etməyib. Onların hökumətləri Suzukinin İsraili dəvət etməmək qərarına cavab olaraq aşağı səviyyəli elçilər göndərib.
Şəhərin meri Şiro Suzuki Naqasakinin Sülh Parkında etdiyi çıxışında nüvə silahları olan dövlətləri və onların nüvə çətiri altında olanları, o cümlədən Yaponiyanı bu silahları ləğv etməyə çağırıb.
"Siz nüvə silahlarının mövcudluğunun bəşəriyyət üçün təhlükəni getdikcə artırdığı reallığını qəbul etməli və nüvə silahlarının ləğvinə doğru cəsarətli addımlar atmalısınız", Suzuki deyib.
O xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Yaxın Şərqdə münaqişələrin genişlənməsinə görə dünya “kritik vəziyyətlə” üzləşib.
Mərasimdə çıxış edən baş nazir Fumio Kişida nüvə silahından azad bir dünya qurmağa söz verdiyini təkrarlayıb.
1945-ci il avqustun 9-da ABŞ-ın Naqasakiyə atdığı atom bombası 70 000 insanın ölümünə səbəb olmuşdu. Üç gün əvvəl isə Xirosimanın bombalanması 140 000 nəfərin həyatına son qoymuşdu.
Yaponiya 1945-ci il avqustun 15-də təslim olub və II Dünya Müharibəsinə və Asiyada yarım əsrə yaxın davam edən təcavüz başa çatıb.