Yeni hökumət başçısı seçilmiş UNEC rektorunun müşaviri Banqladeş xalqına söz verdi
10-08-2024, 12:17
"Banqladeş vətəndaşları siyasi mənsubiyyətindən asılı olmayaraq tam ifadə azadlığından və öz arzularını həyata keçirmək hüququndan istifadə edəcəklər".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Banqladeşin müvəqqəti hökumətinin başçısı Məhəmməd Yunus and içdikdən sonra özünün ilk televiziya müraciətində deyib.
"Bütün ölkə vətəndaşları bu idarə altında öz arzularını reallaşdırmaq hüququna malik olacaqlar", - deyə Yunus vurğulayıb.
Onun sözlərinə görə, qalib gələn tələbələr xalqın digər nümayəndələri və hüquq-mühafizə orqanları ilə birlikdə anarxiyanın zəhərinin yayılması ilə bağlı istənilən cəhdin qarşısını almaq üçün əllərindən gələni edəcəklər.
"Qəddar avtokratik rejimin süqutu ilə sabahın günəşinin doğuşu yeni bir dövrün başlanğıcını qoyacaq ki, bu zaman insanlar siyasi mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq, qorxmadan tam ifadə azadlığından istifadə edə biləcəklər, hökumət isə demokratiya, ədalət və insan haqlarını dəstəkləyəcək", - deyə Məhəmməd Yunus əlavə edib.
O, həmçinin əvvəlki kabinetin təhriki ilə cinayət törədənlərə də layiqli cəzanın veriləcəyini vəd edib.
"Bütün sahələrdə cinayətlər araşdırılacaq. Bu, bütün nazirliklərə, idarələrə, təhsil müəssisələrinə və digər təşkilatlara şamil ediləcək", - deyə o vurğulayıb.
Xatırladaq ki, Banqladeşin Baş naziri Şeyx Hasina avqustun 5-də kütləvi etirazlar fonunda istefa verərək ölkəni tərk etdikdən sonra ölkədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəxri professoru, Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumət yaradılıb. Qeyd edək ki, M.Yusun 2024-cü ilin aprelində UNEC rektoru Ədalət Muradovun müşaviri təyin edilib.