Yüksək səviyyəli amerikalı nümayəndələr bu həftə Çinə səfər edəcək
13-08-2024, 16:54
ABŞ hökuməti bazar ertəsi bildirib ki, yüksək səviyyəli amerikalı məmurlar bu həftə Çinə səfər edəcək.
Ticarət gərginliyinə baxmayaraq, dünyanın iki ən böyük iqtisadiyyatı aralarındakı əlaqələri sabit saxlamağa çalışır.
Şanxay səfəri maliyyə sabitliyi, transsərhəd məlumatlarla bağlı məsələlər, eləcə də fentanillə mübarizəni müzakirə etmək üçün keçən il yaradılmış FWG adlı maliyyə işçi qrupu çərçivəsində danışıqları nəzərdə tutur.
İşçi qrupun iclasları cümə axşamı və cümə günləri baş tutacaq, ABŞ nümayəndə heyətinə maliyyə nazirinin beynəlxalq maliyyə məsələləri üzrə müavini Brent Neyman rəhbərlik edəcək.
Maliyyə rəsmilərinə Federal Ehtiyat,Qiymətli Kağızlar və Birja Komissiyasının nümayəndələri də qoşulacaq.
Maliyyə işçi qrupuna Çin Xalq Bankının sədr müavini Xuan Çangnen rəhbərlik edir.
“Biz bu FWG toplantısına maliyyə sabitliyi, transsərhəd məlumatlarla bağlı məsələlər, kreditləşdirmə və ödənişlər, keçid maliyyəsini inkişaf etdirmək üçün özəl sektorun səyləri və maliyyə gərginliyi zamanı kommunikasiyanı yaxşılaşdırmaq üçün atacağımız konkret addımlar barədə danışıqları əhatə etmək niyyətindəyik", Neiman deyib.
O əlavə edib ki, ABŞ və Çin iqtisadi rəsmilərinin toplantısı prezident Co Bayden və maliyyə naziri Janet Yellenin Pekinlə "münasibətlərimizi məsuliyyətlə idarə etdiyimiz üçün davamlı kommunikasiya xətləri yaratmaq göstərişi"nə əsaslanır.
Maliyyə Nazirliyinin bildirdiyinə görə, rəsmilərin Çinin çirkli pulların yuyulmasına qarşı qanununa mümkün dəyişiklikləri də müzakirə edəcəyi gözlənilir.
Danışıqlar maliyyə işçi qrupunun beşinci iclası, ikinci raund isə Çində keçiriləcək.
Qrup 2023-cü ildə birbaşa Yellen və Çin Baş nazirinin müavini He Lifenə hesabat verən iqtisadi işçi qrupu ilə birlikdə yaradılıb.