İndoneziya: axtalama uşaqbazlığı yox edəcək
20-10-2016, 00:03

İndoneziya pedofiliya probleminə yeni kimyəvi axtalama siyasəti ilə "son qoya bilər", prezidenti Joko Widodo BBC-ə deyib.
İndoneziyanın insan haqlarına hörmətlə yanaşdığını deyən prezident əlavə edib ki, belə cinsi cinayətlərə qarşı "kompromis olmaz".
Uşaqbazların kimyəvi axtalanmasına icazə verən mübahisəli qanun layihəsi bu ay təklif edilib və parlamentdə müzakirəyə çıxarılmalıdır.
İndoneziya Həkimlər Assosiasiyası deyib ki, bu, tibbi etikanı pozduğundan onun üzvləri bu prosesə cəlb olunmayacaq.
Kimyəvi axtalama orqanların kəsilməsi demək deyil, cinsi həvəsi və libidonu azaldan dərmanlardan istifadə etmək yolu ilə aparılır.
"Biz güclüyük və möhkəm olacağıq. Biz cinsi cinayətlərə maksimum cəza verəcəyik".
"Məncə... kimyəvi axtalama, əgər biz onu mütəmadi tətbiq etsək, cinsi cinayətləri azaldacaq və zamanla tamamilə sıradan çıxaracaq", o əlavə edib.
İndoneziyada uşaqlara qarşı cinsi zorakılıq halları bir sıra qalmaqallara səbəb olub
Prezident Widodo BBC-ə müsahibəsində, həmçinin Cənub Çin Dənizi, korrupsiya, vergi amnistiyası və hökümətin homoseksuallara dair siyasəti barədə danışıb (BBC).