“Financial Times”in Azərbaycana dair məqaləsindəki doğrular və yalanlar...

28-10-2016, 09:25           
“Financial Times”in Azərbaycana dair məqaləsindəki doğrular və yalanlar...
Azərbaycanın Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü qrupuna üzvlüyü üçün hansı şərtlər qoyulub?; Mirvari Qəhrəmanlı: “Azərbaycan mövcud qanunu dəyişməsə, xarici fondlar qrantları regionun digər ölkələrinə, Ermənistana və Gürcüstana verəcək”
"Financial Times” qəzeti Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü qrupunun Azərbaycanın üzvlük məsələsi ilə bağlı qoyduğu şərtləri “ultimatum” kimi dəyərləndirib.

Qəzetin Moskva müxbiri Jack Farchynin yazdığı məqalədə deyilir ki, Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü (Extractive Industries Transparency Initiative - EITI) qrupu Azərbaycan hakimiyyətinə siyasi islahatları keçirməsi üçün təzyiq göstərilməsində əhəmiyyətli rol oynadığını nümayiş etdirib. EITI şurasının iclasında Azərbaycan nümayəndələrinə konkret olaraq deyilib ki, vətəndaş cəmiyyəti üzərinə hücumlar dayandırılmalı, QHT-lərin fəaliyyətinə imkan verilməlidir. O da bildirilib ki, Azərbaycanın QHT-lər haqqında indiki qanunları onların fəaliyyətini az qala imkansız edir.
Müəllif isə qeyd edir ki, Azərbaycan hakimiyyətinin EITI şurasının tələblərinə əməl etməməsi Bakı üçün xoşagəlməz vəziyyət yarada bilər. Belə ki, Azərbaycanın Dünya Bankı da daxil, beynəlxalq maliyyə təsisatlarından almağa ümid bəslədiyi çoxmilyardlıq kreditlərin taleyi hökumətin vətəndaş cəmiyyəti ilə bundan sonrakı rəftarından asılı olacaq. Qəzetin yazdığına görə, rəsmi Bakı üçün ən çətini Azərbaycanın QHT-lərin maliyyələşdirilməsinə və qeydiyyatına dair qanunlarını ləğv etməsi tələbidir.

“Financial Times” yazır ki, Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü Şurasının iclasına bir neçə gün qalmış Bakının atdığı tələsik addımlar - bəzi QHT-lərin bank hesablarının azad edilməsi, hökumətin xarici qrantlar barəsində imzaladığı fərman Azərbaycanı gözləyən mümkün təhlükələrin Bakı tərəfindən başa düşüldüyünü göstərir. Məqalədə deyilir ki, qeyri-hökumət təşkilatları Bakının bu təşəbbüsdən dərhal çıxarılmasını tələb edirdilər, lakin hökumət və Azərbaycanda işləyən şirkətlərin israrlı müraciətləri Bakıya bir az da vaxt verilməsi ilə nəticələnib. EITI şuranın iclasında bilavasitə iştirakı olan iki mənbədən öyrənib ki, Bakıya “möhlət tanınmasında” ABŞ nümayəndəliyinin nüfuz təzyiqi həlledici rol oynayıb.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın EITI üzvü olması beynəlxalq maliyyə fonlarından kredit alarkən üstünlük əldə etməsinə şərait yaradacaq: “Mənim həyatım bu sahə ilə bağlıdır, bu məsələyə bələdəm və həmçinin 20 ildir QHT rəhbəri kimi bu sahədə fəaliyyət bu göstərirəm. 25 il də Azərbaycanın neft sektorunda işləmişəm. O səbəbdən bu mətbəxə yaxından bələdəm. Təşkilatımız həm də 2002-ci ildən beynəlxalq kreditlərə ictimai nəzarət mexanizminin formalaşdırılmasına da çalışır. Doğrudur ki, beynəlxalq təşkilatlar kredit verərkən Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü prosesinə qoşulan ölkələrə üstünlük verirlər. Ancaq onların əsas mandatları ondan ibarətdir ki, hansı ölkədə insan hüquqları kütləvi surətdə pozulursa, həmin ölkəyə kredit ayırmasınlar. Burada da müxtəlif yanaşmalar var. İnsan hüquqlarının, siyasi hüquqların, eləcə də mülkiyyət hüquqlarının pozulması sübut olunmalıdır”.

Hüquq müdafiəçisi onu da vurğulayıb ki, məqalədə yer alan bəzi tezislər doğru deyil. Onlardan biri də QHT rəhbərlərinin Azərbaycanın EITI-dən çıxarılmasını tələb etməsi ilə bağlı iddiadır: “Azərbaycanın EITI üzvlüyündə qalmasının ən böyük tərəfdarı mənəm. Ona görə ki, biz o koalisiyanın üzvü olan yeganə təşkilatıq, 20 ildir hasilat sənayesi sahəsində insan hüquqlarının müdafiəsi ilə məşğuluq. Fikrimcə, bu məsələdə ən çox biz QHT-lər çalışmalıyıq ki, Azərbaycan EITI-də qalsın. Çünki Azərbaycanın o prosesdən çıxıb-çıxmaması hökumət üçün o qədər də önəmli deyil. Məqalədə qeyd olunan o fikirlə də razı deyiləm ki, ”QHT-lər Azərbaycanın çıxarılmasını tələb etdilər, şirkətlərin təkidi ilə möhlət verildi". Azərbaycanda EITI prosesinə qoşulan bəzi şirkətlər şəffaf deyillər, hətta bəzilərinin saytları da yoxdur. Yəni Azərbaycanın Beynəlxalq Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü üzvülüyündən çıxarılması o şirkətlərin də marağındadır. Yalnız QHT-lər bu prosesdə maraqlıdırlar. Vətəndaş cəmiyyəti üçün bu çox önəmlidir ki, Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü prosesinə qoşulan şirkətlər açıqlama verməyə məcburdurlar. İctimaiyyət üçün də maraqlıdır ki, vətəndaş cəmiyyəti həmin şirkətlərdən açıqlama alır, cəmiyyətə ötürür".

“Financial Times” qəzetinin toxunduğu, ölkə başçısının imzalandığı sərəncama gəlincə, Mirvari Qəhrəmanlı bunu yüksək qiymətləndirdi: “Ancaq yanvar ayında bu sərəncamın necə yerinə yetirilməsi açıq qalır. Bu səbəbdən beynəlxalq təşkilatların qınağına məruz qaldıq, bu qınanmalı fakt idi. İndi sərəncam onu yerinə yetirənlərin necə hərəkət etməsindən asılıdır. QHT-lərin qeydiyyat məsələsinin asanlaşması üçün Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilməlidir. Beynəlxalq təşkilatlar isə bilmir ki, hansı tapşırıqlar verilib. Bu qanunun əsas çətinliyi ondan ibarətdir ki, qrant aldığımız təşkilatlar bizim ölkəmizdə qeydiyyatdan keçməlidir. Əgər mən Almaniyanın hansısa donor təşkilatından qrant alaramsa, həmin qrantın Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyata alınması üçün Almaniyanın həmin fondu burada qeydiyyatdan keçməlidir. Yalnız bundan sonra mən həmin təşkilatdan qrant ala bilərəm. Heç bir xarici fond da buna getmir, çünki onların marağında deyil. Bu gün Azərbaycan mövcud qanunu dəyişməsə, həmin fond o vəsaitləri regionun digər ölkələrinə, Ermənistana və Gürcüstana verəcək. Əsas tələb odur ki, qrant haqqında qanundan o tələb geri götürülsün. İkinci bir problem odur ki, biz yeni tətbiq olunan ”bir pəncərə" sistemi ilə Ədliyyə Nazirliyinə qrantların qeydiyyatı ilə müraciət edəndə, həmin qrant verən təşkilat da müraciət etməlidir. Bu isə əlavə çətinliklər yaradır. Ona görə də Azərbaycana mart ayına kimi vaxt verdilər ki, qrant verilməsi ilə bağlı qaydalar sadələşdirilsin. Onlar deyirlər ki, QHT Koalisiyası yaradılıb, bu sahədə fəaliyyət göstərən bütün şirkətlər artıq şəffaf şəkildə işləməyə vadar edilib, bütün bunlar çox yaxşıdır. Ancaq bu koalisiyanın fəaliyyətinin maddi baxımdan təmin edilməsi üçün, onların inkişafı üçün qrant alınması qaydaları sadələşdirilməlidir. Ona görə də Azərbaycana mart ayına kimi yenidən vaxt verdilər. Onu da deyim ki, koalisiyadan da çox şey asılıdır. Koalisiyanın 20 faizi bu sahəyə bələd olan QHT-lərdir. Azərbaycanın, koalisiyasının da borcudur ki, onlar da öz üzərində işləsin, peşəkarlaşsın. Ölkəyə ayrılan kreditlərlə bağlı hazırda Azərbaycanda “Şahdəniz 2" layihəsi reallaşdırılır, başqa iri layihələr var. Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ”LUKoil"a “Şahdəniz 2" layihəsi üçün böyük vəsait ayırıb. Əgər bu banklar bu sahəyə önəm verirlərsə, hətta sanksiyalar tətbiq olunan Rusiyanın ”LUKoil" şirkətinə belə bu kreditlər ayırırlarsa, bu o deməkdir ki, Azərbaycana da kreditlər veriləcək. Azərbaycan EITI-də qalmalıdır, xarici şirkətlər də daim bu səbəbdən hesabatlı olmalıdır. Azərbaycan bu prosesdə qalsa, bunlar olacaq, ancaq getsə, olmayacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.