ABŞ-ın dərin gücləri dünyaya təhlükəli “sürprizlər” hazırlayır - İDDİA

7-11-2016, 21:45           
ABŞ-ın dərin gücləri dünyaya təhlükəli “sürprizlər” hazırlayır - İDDİA
ABŞ-da seçki marafonu sona çatır. Belə ki, noyabrın 8-də amerikalılar özlərinin növbəti prezidentlərini seçəcəklər. Və növbəti ABŞ prezidentinin kim olacağı bütün dünya üçün böyük əhəmiyyət daşıyır.

Ancaq seçkiöncəsi cərəyan edən proseslər olduqca maraqlı məqamları ortaya çıxartdı. Məlim oldu ki, bu dəfə seçicilərin qarşısına iki ahıl yaşına çatmış prezidentliyə namizəd çıxarılıb.

Onlardan birinin – Demokratlar Partiyasını təmsil edən Hillari Klintonun, yaşlı olmasıyla yanaşı, həm də sağlamlıq problemləri mövcuddur. Hər halda, xanım namizədin seçicilərlə görüşlərdə və jurnalistlərin qarşısındakı qəribə hərəkətləri müəyyən müzakirələrə səbəb olmuşdu.

Digər namizəd – Respublikaçılar Partiyasının təmsilçisi Donald Tramp isə öz avantürist davranışları və açıqlamaları ilə diqqəti çəkir. Bu zəngin namizəd ABŞ-ın beynəlxalq müttəfiqləri və rəqibləri tərəfindən nə edəcəyi əvvəlcədən proqnozlaşdırılmayan şəxs kimi dəyərləndirilir. Belə hesab olunur ki, D.Tramp özünün qeyri-müəyyən xarakteri ilə təhlükəli prezident ola bilər.

Təbii ki, bütün bunlar dünyada müəyyən narahatlıqlara da yol açmaqdadır. Və ABŞ-ın hansı səbəbdən bu iki namizədin ümidinə qalması, yaxud da ümidinə buraxılması kifayət qədər ciddi suallar doğurur.

Belə anlaşılır ki, bu iki namizədin ön plana çıxarılması qətiyyən təsadüfi olmayıb. Və bunu əvvəlcədən planlaşdıran dərin güclər hansısa uzaqgedən məqsədlərin reallaşdırılmasını hədəfləyiblər. Böyük ehtimalla həmin məqsədlərin əsas istiqamətləri prezident seçkilərindən sonrakı ilk il ərzində aydınlaşmağa başlaya bilər.

Bəziləri belə ehtimallara o qədər də ciddi yanaşmırlar. Onlar hesab edirlər ki, ABŞ demokratik supergücdür və bu dövlətin üzərində hər hansı siyasi ssenarilərin qurulması qətiyyən mümkün deyil.

Ancaq belə düşünməyənlər də çoxdur. Onlar iddia edirlər ki, ABŞ prezidentləri müstəqil olmayıb, dərin güclərin əvvəlcədən onlar üçün hazırladıqları 4 illik fəaliyyət proqramlarını icra edən dövlət məmurlarıdır. Heç bir ABŞ prezidenti fəaliyyət müddəti başlandıqdan dərhal sonra masası üzərinə qoyulan həmin proqramlardan kənara çıxa bilməz. ABŞ prezidentlərinin müstəqil qərar qəbul etmək hüquqları yalnız onların həmin proqramların reallaşdırılması üçün seçəcəkləri metodlarla bağlı tanınır. (Mən də bu iddia tərəfdarlarındanam).

Ümumiyyətlə, ABŞ yuxarıdan aşağı idarə edilən dövlətlərin sırasına daxil deyil. Bu dövləti müəyyən mənada nəhəng bir holdinq kimi təsəvvür etmək olar. Yəni bu dövlət sanki ABŞ-ın miili maraqlarına xidmət edən, ancaq bir-birindən, eləcə də prezidentdən birbaşa asılı olmayan siyasi, maliyyə-iqtisadi, kəşfiyyat və s. qurumlardan ibarətdir. Və həmin qurumlardan birinin ABŞ dövləti adına atdığı addımlar, digərinin qərarlarıyla kəskin ziddiyyət təşkil edə bilər.

Məsələn, Ağ Ev dünyanın hansısa regionundakı avtoritar rejimli dövlətin vətəndaşlarına demokratiya vəd edir. Ancaq bir qədər sonra həmin ölkə demokratiya əvəzinə “bomba yağmuru”na məruz qalır. Yaxud da Yaxın Şərqdə, xüsusilə də, Suriyada ABŞ xüsusi xidmət servisləri müəyyən terror qruplaşmalarını himayə edir, Pentaqon isə öz hərbi qüvvələri ilə elə həmin terrorçu qruplaşmalarla silahlı mübarizə aparır.

Göründüyü kimi, kəskin ziddiyyətdir. Belə şəraitdə dünya dövlətləri istər-istəməz yeni ABŞ prezidentinin kim ola biləcəyinə xüsusi həssaslıqla yanaşmaq məcburiyyətindədirlər. Ən azından ona görə ki, yeni prezident qarşısına qoyulan proqramın icrasında mötədil deyil, radikal metodlara üstünlük verərsə, bu, dünyada bəzi dövlətlər və xalqlar üçün əsl fəlakətə yol aça bilər.

Bütün bunları nəzərə aldıqda, ABŞ-ın dərin güclərinin bütün dünya üçün yeni siyasi, maliyyə-iqtisadi və hərbi sürprizlər hazırladıqlarını düşünmək olar. Həmin sürprizlərin nədən ibarət olması isə böyük ehtimalla yeni prezidentin kimliyi məlum olduqdan sonra aydınlaşa bilər.

Bu baxından, ABŞ-ın dərin güclərinin seçicilər qarşısına çıxarılmış iki namizəddən hansını (Donald Tramp və Hillari Klinton) seçdirəcəkləri maraq doğurur. Çünki onlardan hansının Ağ Evin oval kabinetdəki prezident kreslosuna oturdulması həm də dərin güclərin ABŞ vətəndaşları üçün hansı siyasi layihəni ssenariləşdirmələrindən birbaşa asılıdır.

Məsələ ondadır ki, ABŞ irqi və cinsi ayrıseçkiliyin yazılmamış qanunlarla təzimləndiyi ölkələrin sırasına daxildir. Və ABŞ cəmiyyətində həm qaradərililərlə, həm də qadınlarla bağlı kifayət qədər ciddi problemlər var.

Xatırladaq ki, ABŞ-ın ilk qadın dövlət katibi dünyaca ünlü siyasətçi Madlen Olbrayt olub. Yəni onun bu posta gətirilməsiylə ABŞ cəmiyyətinə qadın dövlət katibi layihəsini qəbul etdiriblər. Ardınca, ilk qaradərili dövlət katibi (Kolin Pauell) layihəsi reallaşdırılıb. Bundan sonrakı mərhələdə həm qadın, həm də qaradərili dövlət katibi (Kondaliza Rays) layihəsi uğurla nəticələndirilib. Və nəhayət, sonuncu layihə qaradərili prezidentin (Barak Obama) seçilməsi olub.

Əgər, ABŞ-ın dərin gücləri bu dəfə qadın prezident layihəsinə start veriblərsə, deməli, təxminən iki gündən sonra bütün dünya seçki qutularından Hillari Klintonun adının çıxarıldığının şahidi olacaq. Buna nail olmaq üçün isə Donald Trampdan uğurlu siyasi rəqib tapmaq yəqin ki, çox çətin olardı. Hazırda Donald Trampı rəy sorğularında 5 faiz qabaqlayan Hillari Klintonun öz avantürist rəqibinə qalib gəlməsi tamamilə mümkündür.

Bu ehtimal özünü doğruldarsa, deməli, dərin güclər həm də demokratlardan məmnundurlar və respublikaçıların hakimiyyətə gəlməsini istəmirlər. Çünki adətən, iki dəfə ardıcıl hakimiyyətdə qalmış bir siyasi qüvvənin üçüncü müddət üçün qalib gəlməsinə ABŞ-da tez-tez rast gəlinmir.

Barak Obama isə artıq iki dəfə prezident seçdirildiyindən həm demokrat, həm də qadın namizədin növbəti qələbəsini yalnız Donald Tramp kimi avantürist rəqibin hesabına təmin etmək olar.

Ancaq burada ikinci və daha fərqli ssenari də layihələşdirilmiş ola bilər. Yəni respublikaçı Donald Tramp da prezident seçdirilə bilər. Donald Tramp kimi avantürist və nə vaxt, nə edəcəyi bəlli olmayan qəribə bir adamın prezident seçdirilməsi də məhz cəmiyyətin cinsi ayrıseçkiliyinə tuş gələ biləcək Hillari Klinton kimi yaşlı bir qadın rəqibin hesabına mümkün ola bilər.

Göründüyü kimi, olduqca qəliz bir ssenarinin gündəmdə ola biləcəyini düşünmək olar. Və ABŞ-ın dərin gücləri ikinci varianta - Donald Trampın prezident seçdirilməsinə üstünlük verərlərsə, deməli, bunu bütün dünya üzərində kifayət qədər təhlükəli siyasi, maliyyə-iqtisadi və hərbi əməliyyatların aparılması üçün hazırlıq mərhələsinə start verildiyi kimi anlamaq lazım gələcək.

Çünki analoji səviyyədə təhlükəli ssenariləri yalnız Donald Tramp kimi avantürizmə meylli şəxslərin vasitəsilə reallaşdırmaq olar.

Əks halda, ağlı tam başında olan heç bir siyasətçi bütün dünyanı kataklizmlərə sürükləyə biləcək addımların atılmasına müəlliflik etməz.

Ona görü də, bütün bu ehtimallardan hansının reallığa daha yaxın olduğunu müəyyənləşdirmək üçün təxminən iki gün gözləmək və seçkilərin yekun nəticələrini öyrənmək lazım gələcək.

Elçin XALİDBƏYLİ,
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.