Ermənilər Trampın zəhləsini tökməyə başladı
10-11-2016, 01:01

ABŞ-ın yeni prezidentinin Bakı ilə əlaqələri düşməni rahatsız edib
Demokratların namizədi Hillari Klintonun üzərində sürpriz qələbə qazanan respublikaçı Donald Trampın qələbəsi Ermənistanı da yasa bürüyüb. Xanım Klintondan böyük gözləntiləri olan, seçkilər boyu ona “stavka” edən erməni lobbisi indi çətin situasiya ilə üz-üzə qalıb.
Düzdür, Ermənistan prezidenti Serj Sərkisyan başqalarından geri qalamaq üçün tez-tələsik Trampa yazdığı təbrik məktubunda hətta utanmazcasına ABŞ liderinin Qarabağ münaqişəsinin tənzimlənməsində rol oynayacağına inandığını da qeyd edib. Amma özlərinə xanım Klintonu daha yaxın hesab edən erməni funksionerlər və ekspertlər Trampın işğalçı Ermənistana münasibətinin necə olacağı ətrafında baş sındırmağa başlayıblar.
“Yeni prezidentin sərgilədiyi fərqli mövqe, stereotipləri qırması sonda ABŞ-ın “erməni soyqırımı”nı tanımasına gətirib çıxara bilər”. Bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, erməni əsilli rusiyalı politoloq Andranik Miqranyan son açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, 24 aprel 2017-ci ildə Donald Tramp öz müraciətində “genosid” ifadəsini işlədə bilər. Erməni ekspert deyib ki, qeyri-adi insan olan yeni prezident hətta Türkiyənin sovetlər dövründəki kimi “önəmli müttəfiq olmadığını” nəzərə alıb “erməni soyqırımı”nı tanıya bilər.
Görünən budur ki, ermənilər Azərbaycan paytaxtında 33 mərtəbəli, yelkən formasında olan, D.Trampın otellər şəbəkəsinə daxil olduğu bildirilən binanın varlığından da ciddi təşvişə düşüblər.
ABŞ-ın yeni prezidentinin erməni diasporu və Ermənistan üçün hansı perspektivlər vəd etməsindən danışarkən, Andranik Miqranyan qeyd edib ki, hər şeydən əvvəl onun diqqətini Trampın Bakıdakı tikinti müqavilələri haqqında yayılan xəbərlər cəlb edib. Erməni ekspert etiraf edib ki, bu kimi məlumatları gözardı etmək olmaz.
Lakin bununla belə politoloq deyib ki, Birləşmiş Ştatların yeni prezidenti Cənubi Qafqaza ciddi diqqət göstərməyəcək və yaxın zamanlar üçün Vaşinqtonun burada aktivlik göstərəcəyini gözləmək lazım deyil.
Erməni ekspert H.Klintonun məğlubiyyətinə görə təəssüfləndiyini də gizlətməyib. Demokratların keçmiş namizədi haqqında danışarkən o deyib ki, Ermənistanın xarici işlər naziri ilə H.Klinton arasında yaxşı şəxsi münasibətlər var idi. Politoloq Klintonun Ermənistanda olduğunu da xatırladıb və təəssüflə deyib ki, Demokratlar regiona böyük maraq göstərə bilərdilər. “Klinton dövlət katibi olarkən Ermənistan-Türkiyə protokolları və Qarabağ probleminin həlli prosesində iştirak etmişdi”-deyə, Miqranyan əlavə edib. musavat.com/