Almaniya Ukraynaya üç “Patriot” sistemi təhvil verib
Bu gün, 12:34

"Patriot" hava hücumundan müdafiə sistemi
Almaniya ABŞ-ın Ukraynaya təklif etdiyi yeni yardım sxemi çərçivəsində Ukraynaya üç “Patriot” sistemi təhvil verib və bu sistemlə Ukrayna Silahlı Qüvvələri üçün Amerika silahlarının Avropa ölkələri tərəfindən ödənilməsi nəzərdə tutulub.
Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti adı açıqlanmayan rəsmilərə istinadən məlumat verib.
Qeyd olunur ki, ümumilikdə Ukrayna yeni sxem üzrə 10 “Patriot” sistemi almağa ümid edir. Bazar ertəsi Ukraynanın müttəfiqlərinin görüşündə Almaniyanın müdafiə naziri Boris Pistorius təfərrüatlara varmadan bildirib ki, Berlin beş “Patriot” sisteminin “təmin edilməsini asanlaşdıracaq”.
Jurnalistlərin həmsöhbətləri isə bildiriblər ki, artıq üç sistem təhvil verilib və Almaniya hazırda başqa bir sistem göndərmək üçün ABŞ-la danışıqlar aparır.
Qəzet qeyd edir ki, qalan “Patriot” batareyaları NATO-dan kənardan əldə edilə bilər. Məsələn, İsveçrənin Müdafiə Nazirliyi bildirir ki, ölkənin Amerika istehsalçısından sifariş etdiyi beş “Patriot” sistemi ABŞ tərəfindən Ukraynaya yönləndiriləcək, isveçrəlilər isə sifariş edilən sistemləri daha sonra alacaqlar.
Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə yanaşı, bu sxem üzrə radarlar və elektron döyüş sistemləri, pilotsuz uçuş aparatları və artilleriya alacağı gözlənilir. Bu barədə nəşrə planlarla tanış olan iki məmur məlumat verib.
Bildirilir ki, Avropa müdafiə nazirləri bu həftə ABŞ-ın müdafiə naziri Pit Heqset və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviçlə bu planları müzakirə etmək üçün virtual görüş keçiriblər. Bundan əlavə, Ukraynanın uzaqmənzilli raketlərlə təmin olunması ilə bağlı müzakirələr davam edir.
Almaniya artıq “Taurus” qanadlı raketlərini tədarük etməyəcəyini bəyan edib. “The Washington Post”un yazdığına görə, NATO diplomatları ABŞ-ın öz raketlərini təmin edəcəyini istisna etmirlər, baxmayaraq ki, Tramp artıq “bununla məşğul olmadığını” bəyan edib.
Mətbuatın verdiyi məlumata görə, ABŞ hökuməti bundan əvvəl Ukraynaya iki böyük paket hərbi texnika satmağa icazə verib. Dəyəri 300 milyon dollardan çox olan ilk paketə “HAWK Phase III” hava hücumundan müdafiə raket sistemlərinin, dəstək sistemlərinin və müvafiq avadanlıqların satışı, həmçinin “Bradley” piyada döyüş maşınlarına texniki xidmət daxildir.
Dəyəri 300 milyon dollardan çox olan ikinci paket Ukrayna artilleriya sistemləri və Amerika istehsalı olan hava hücumundan müdafiə sistemləri üçün xidmətlər və ehtiyat hissələri ilə bağlı idi.