Rusiyanın Amerika işğalı: Alyaska, Kaliforniya, Havay…

10-11-2016, 09:25           
Rusiyanın Amerika işğalı: Alyaska, Kaliforniya, Havay…
ABŞ-ın yaranmasından 170 il öncə ingilis, holland, ispan və fransız köçkünlər Şimali Amerikaya gəlir, yeni torpaqlarda məskunlaşırdılar. İngilislər və hollandlar əsasən, Amerikanın şərq sahilini fəth etdilər. Fransızlar orta zolaqda, ispanlarsa qərb ərazilərində məskən saldılar. Ancaq Amerikanın hər yerində yerli əhali gəlmələrlə mübarizə aparırdı.

Axar.az xəbər verir ki, rus köçkünlər “Yeni dünya”da yetərincə böyük ərazini - Alyaskanı zəbt etmişdilər. Bu ərazi 220 il Rusiya imperiyasının tərkibində olub. İlk rus ekspedisiyası bu ərazilərə 1648-ci ildə gəlib çıxıb. 1867-ci ildə isə Rusiya bu torpaqları ABŞ-a satıb. Rusiya imperiyasının bu uzaq dayağının paytaxtı “Novoarxangelsk” adlanırdı. Bütün Rusiyada olduğu kimi, burada da rubl işlənirdi. XIX əsrin ortalarında burada təxminən 800 gəlmə rus yaşayırdı. Yerli əhalinin sayı isə 60 mindən çox idi.

Yerlilər əsasən, üç etnik qrupdan - hindular, eskimoslar və aleutlardan ibarət idi. Yerlilər “solğun sifət” rusları isti qarşılamırdılar.

***

Alyaskanın 220 illik rus işğalı dövründə, zaman-zaman yerlilərlə ruslar arasında döyüşlər gedib. Ən ağır döyüşlər 1802-1805-ci illərin rus-hindu müharibəsidir. Hindular, eskimoslar və digər yerli sakinlər üsyan qaldıraraq, rus işğalçılarını öz torpaqlarından qovmağa çalışırdılar. Rusların Alyaskada qırdığı yerli əhalinin sayı barədə dəqiq məlumat yoxdur. Bilinən odur ki, təkcə rus-hindu müharibəsi zamanı baş vermiş bir böyük üsyanda 200-dən çox yerli, 50 nəfər rus ölüb, iki rus qalası məhv edilib. Ümumilikdə isə 220 illik işğal dövründə minlərlə yerli sakin gəlmə ruslarla döyüşlərdə həyatını itirib.

Əlbəttə, öldürülən bu şəxslər Şimali Amerikada digər avropalıların öldürdüyü hinduların kiçik bir faizidir. Rus-hindu müharibəsinin miqyası da Şimali Amerikanın əsas ərazilərində olan toqquşmalarla müqayisəyə gəlməz dərəcədə kiçik idi. Alyaskada yerləşmiş rusların soyqırım törətdiyinə dair də heç bir fakt yoxdur.

***

Rusların Kaliforniyaya gəlişi də yerli əhali arasında itkisiz ötüşməyib. İvan Kuskovun 1808-1809-cu illərə təsadüf edən ekspedisiyası zamanı yerli əhali ilə atışma baş verib. Hər iki tərəfdən ölənlər olub. Yerlilər Bulqin başda olmaqla “Svyatoy Nikolay” gəmisinin heyətini demək olar ki, məhv etmişdilər. Ancaq Kuskovun bu uğursuz ekspedisiyasından üç il sonra ruslar Kaliforniyada ilk qalalarını ucaltmağa nail oldular. “Fort-Ross” adlanan bu qalanın təməli 1812-ci ildə San-Fransisko şəhəri yaxınlığında qoyulmuşdu. Qala 1841-ci ilədək mövcudluğunu qoruyub. İlk vaxtlarda ruslar Fort Rossun yerli əhalisi ilə Alyaskanın yerli sakinləri ilə davrandıqları kimi davranmadılar və onlara daha humanist yanaşdılar. Ruslar Kaliforniya hindularına iş gördürərkən, əməyin müqabilində un, ət, paltar verirdilər. Ancaq müəyyən müddətdən sonra ruslar hinduları Rusiyada hələ mövcud olan təhkimçilik hüququna bənzər rejimlə işləməyə məcbur etməyə başladılar.

Nəhayət, XIX əsrin əvvəlində ruslar Havay adalarında “Yelizaveta” qalasını tikdilər. Bu torpaqların tutulması zamanı nə qədər yerli sakinin öldüyü barədə də dəqiq məlumat yoxdur…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.