Ukrayna Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 00:15

Siyahıya 45 fiziki və 50 hüquqi şəxs daxil edilib
Ukrayna bir sıra Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. AYNA.AZ xəbər verir ki, ölkənin prezidenti Volodimir Zelenskinin rəsmi saytında sanksiyalarla bağlı iki fərman –dərc olunub.
Fərmanlara əsasən, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 27 iyul tarixli “Fiziki və hüquqi şəxslərə qarşı fərdi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiq edilməsi haqqında qərarı qüvvəyə minir.
Siyahıya 45 fiziki və 50 hüquqi şəxs daxil edilib. Söhbət müddətsiz, ya da 10 il müddətinə tətbiq olunan sanksiyalardan gedir. Bunlara aktivlərin dondurulması, ticarət əməliyyatlarına məhdudiyyətlər və digər tədbirlər daxildir.
Sanksiyaya məruz qalan qurumlar arasında bunlar da var:
“Moskva xüsusi ərintilərin emalı zavodu” ASC
“Titan vadisi” xüsusi iqtisadi zonası ASC
“Ural kimya maşınqayırma zavodu” ASC
Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasuk Facebook səhifəsində qeyd edib ki, bu fərmanla Ukrayna öz sanksiyalarını Avropa İttifaqının 18-ci sanksiya paketi ilə sinxronlaşdırıb.
“Bundan əlavə, biz nadir torpaq metalları / müdafiə-sənaye kompleksi paketini də hazırladıq. Bu, Rusiyanın müdafiə sənayesinin tələbləri üçün nadir, strateji və qiymətli metalların emalında iştirak edən şirkətlərə qarşı tətbiq edilib,” – deyə o bildirib.