Trampın Ağ Evə yolunu kəsmək üçün daha bir cəhd

15-12-2016, 20:03           
Trampın Ağ Evə yolunu kəsmək üçün daha bir cəhd
“The Independent” Harvard Universitetinin professoruna istinadən yazır ki, ABŞ-da Seçki Kollegiyasının 30-dək respublikaçı üzvü əvvəl elan etdiklərinin əksinə olaraq Donald Trump-ın əleyhinə səs vermək istəyir. Məqsəd milyarderin Ağ Evə gedən yolunu bağlamaq, onu ABŞ prezidenti olmaq imkanından məhrum etməkdir.

2016-cı ilin prezident seçkisində özü qısa bir müddət demokrat namizəd olmaq istəyən professor Larry Lessig sözü gedən kollegiya üzvlərinə hüquqi köməyini təklif edib.

Amerika qanunlarına görə Seçki Kollegiyasının üzvləri onların təmsil etdikləri spesifik ştatlarda hər hansı namizədin ən çox seçici səsi toplamasına baxmayaraq, “öz vicdanlarının səsi ilə” hərəkət edərək elektoratın onlara verdiyi mandatdan imtina edə bilərlər.


Daha sadə deyilərsə, hər hansı bir ştatda elektorat bir namizədə daha çox səs veribsə də, həmin elektoratı təmsil edən kollegiya üzvü kollegiya səsverməsində rəqib namizədə səs verə bilər.

ABŞ-ın əksər ştatlarında qanun Seçki Kollegiyası üzvündən elektoratın iradəsinə uyğun səs verməyi tələb etsə də, professor Lessig-in fikrincə, kollegiya üzvü özünü federal rəsmi kimi təqdim edə bilər. Professorun qənaətinə görə belə federal kollegiya üzvü texniki olaraq ştatın qanunlarından yüksəkdə dayanır.

Buna baxmayaraq “The İndependent” yazır ki, hələlik Trump-ın əleyhinə səs verəcəyi barədə açıq bəyanatla yalnız bir respublikaçı kollegiya üzvü, Texasdan olan Chris Suprun çıxış edib.

O buna səbəb kimi Trump-ın prezidentlik üçün yararsız şəxs olmasını göstərib.

Seçki Kollegiyasının iclası dekabrın 19-da keçirilməlidir.

MSNBC telekanalına müsahibəsində cənab Lessig deyib ki, onun daha çox kollegiya üzvünün Trump-ın əleyhinə səs vermək istədiyi məlumdur və əgər onların sayı 37-yə yaxınlaşsa vəziyyət tamamilə fərqli ola bilər.

Seçki qanunlarına görə prezident olmaq üçün minimum 270 seçki kollegiyası üzvünün səsini qazanmaq laımdır. Trump-a səs verəcəyini bildirənlərin sayı hazırda 309-dur, lakin bunlardan 37-si fikrini dəyişsə Trump qalib elan edilməyə bilər.

Professor deyib ki, onun öz araşdırması Trump-ın əleyhinə səs verməyə hazırlaşanların 20 nəfər olduğunu göstərir.

“Bəziləri mənə deyirlər ki, bu rəqəm 30-dur, lakin mən bilirəm ki, azı 20 seçki kollegiyası üzvü Trump-ın əleyhinə səs vermək istəyir” – deyib Lessig.

“The İndependent” yazır ki, Hillary Clinton ona səs vermiş seçicilərinin sayına görə Trump-dan 2,8 milyon seçici irəlidədir, lakin ABŞ seçkisininin taleyini Seçki Kollegiyası həll edir.

Professor Lessig deyib ki, Amerikanın əsasını qoyanlar Seçki Kollegiyasını vaxtilə “seçki prosesində təcili tormoz kimi” düşünüblər.

Lessig-in fikrincə hər bir kollegiya üzvündən indi “vicdanının səsi ilə” hərəkət etmək tələb olunur, çünki bu seçkinin özü bunu tələb edir. (BBC azeri)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.