Rusiya: "Hər kəs buna əməl etməlidir"
22-12-2016, 01:12

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) ilə əldə edilən neft hasilatının azaldılmasına dair sazişə bütün ölkələrin əməl etməsini gözləyirik.
Axar.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
Neft hasilatçısı ölkələrin Vyana razılaşmasına riayət etməməsi üçün hər hansı bir səbəb görmədiyini bildirən A.Novak deyib: “Ölkələr arasında etimadı davam etdirmək lazımdır. Yoxsa gələcəkdə oxşar bir sazişin imzalanması imkansız olar. OPEK ilə neft hasilatının azaldılmasına dair əldə edilən razılaşmaya bütün tərəflərin əməl etməsi lazımdır”.
Rusiyanın bu il neft hasilatının ötən ilə nisbətən 2,5 faiz artaraq 547,5 milyon tona çatdığını bildirən nazir ölkənin dəniz yataqlarındakı neft istehsalının isə 11,5 faiz artaraq 21,3 milyon ton təşkil etdiyini deyib.
Qeyd edək ki, OPEK və kartelə üzv olmayan 11 neft hasilatçısı ölkəsi, o cümlədən Azərbaycan dekabrın 10-da Vyanada gündəlik neft hasilatının təxminən 1,8 milyon barrel azaldılması istiqamətində qərar qəbul ediblər.