Avropa nəşri ölən səfiri təhqir etdi, Zaxarova əsəbiləşdi - Foto
22-12-2016, 09:52

“Nyu York Deyli Nyus” qəzetinin rəhbərliyi öldürülən səfir Andrey Karlovu III Reyxin səfiri ilə müqayisə etdiyinə görə rəsmi şəkildə üzr istəməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Feysbuk hesabında yazıb.
XİN rəsmisi qeyd edib ki, bu barədə məqaləni qələmə alan Qerş Kuntçman adlı jurnalist Karlova görə göz yaşı axıtmamağı məsləhət bilib və onun ölümünə haqq qazandırıb:
“O həmçinin bildirib ki, Ankarada baş verən sui-qəsd olayı ona 1938-ci ildə Parisdə yəhudi tələbə tərəfindən öldürülən Ernst vom Rathın olayını xatırladıb: doğrudur, o, günahsız qurban deyildi, Hitlerin qəddarlığının, soyqırımın, anti-semintizmin və dünya aqressiyasının icraçısı idi”.
Zaxarova sonda vurğulayıb ki, bu yazı ilə bağlı üzr istənilməsi üçün qəzetin baş redaktoruna məktub göndəriləcək.
Qeyd edək ki, “Deyli Meyl” qəzeti bu gün daha bir qalmaqalla gündəmi zəbt edib. Sayt Tvitter hesabından Andrey Karlovu qətlə yetirən Mövlud Mərd Altıntaşın fotosunu paylaşaraq, onun geyiminin çox səliqəli olduğuna diqqət çəkib. “Rusiya səfiri səliqəli şəkildə kostyum geyinən və qalstuk taxan şəxs tərəfindən vurulub”, - deyə vurğulanıb.
Qəzetin bu paylaşımını oxucular kəskin narazılıqla qarşılayıblar.