Rusiya Trampdan şübhələnməyə başlayıb
23-12-2016, 00:20

"The Independent" yazır ki, Kreml Rusiya və ABŞ arasında az qala bütün kommunikasiya kanallarının dondurulduğunu bildirib.
Rusiya tərəfi bəyan edib ki, Moskva Donald Trump-ın gəlişi ilə ABŞ administrasiyasının NATO-nun genişləndirilməsindən dərhal imtina edəcəyini gözləmir və buna görə də Birləşmiş Ştatlarla bütün kommunikasiyalar kəsilib.
Moskva belə bir genişlənmənin həmişə əleyhinə çıxıb.
"Demək olar bütün səviyyələrdə Birləşmiş Ştatlarla dialoq dondurulub. Biz bir-birimizlə kommunikasiyada deyilik və yaxud bunu çox az edirik" - deyib Kremlin sözçüsü Dmitri Peskov.
"The İndependent" yazır ki, Rusiyanın bu bəyanatı prezident Obama da daxil bir sıra ABŞ rəsmilərinin Rusiyanın, prezident seçkisi zamanı Hillary Clinton-un elektron poçtuna haker hücumunun arxasında durmasına dair bəyənatlarla çıxışından sonra səslənib.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu da haker hücumunun Rusiya hakimiyəti tərəfindən təşkil edildiyini bildirmişdilər.
Respublikaçı senator John McCain deyib ki, Rusiyanın ABŞ sistemlərinə bu sayaq haker hücumları demokartiyanı onun hazırkı formasında məhv edə bilər.
O Amerika rəhbərliyini Rusiya ilə münasibətləri yaxşılaşdıra bilməməkdə günahlandırıb və əlavə edib ki, tezliklə "dünya nizamının pozulması" baş verə bilər.
RIA agentliyi Dmitri Peskovun Mir telekanalına müsahibəsinə istinadən yazır ki, Vladimir Putin-in 2018-ci il prezident seçkisinə qatılıb-qatılmayacağı bilinmir.
O deyib ki, hazırda hamının başı layihələrə və işə qarşıb və seçki haqqında düşünməyə və danışmağa heç kəsin vaxtı yoxdur.
Bir çox təhlilçilər Vladimir Putinin 2018-ci il seçkisinə qatılacağını gözləyirlər.
Ötən ay cənab Trump seçki kampaniyası zamanı verdiyi bir sıra hay-küylü və ziddiyyətli bəyanatalardan geri çəkilib.
Məsələn, seçki kampaniyası zamanı cənab Trump NATO-nu "köhnəlmiş" təşkilat adlandırmışdı.
Lakin bundan sonra o NATO-nun baş katibi Jens Stoltenberg-ə deyib ki, alyansa "güclü şəkildə inanır".
Cənab Putin ötən noyabrda Rusiyanın yer-göy raketlərinin yerləşdirilməsinin Avropa yaxınlığına genişləndiriləcəyini elan edəndə NATO-nun "qərarlar qəbul etməsini" tənqid atəşinə tutmuşdu.
O demişdi: "Biz niyə NATO-nun genişlənməsinə bu qədər emosional yanaşırıq? Çünki biz NATO-nun qəbul etdiyi qərarlardan narahatıq. Daha nə etməli idik ki? Ona görə də biz əks-tədbirlər görməliyik. Bu isə o deməkdir ki, biz raket sistemlərimizlə bizim nəzərimizdə təhlükə təşkil edən qurğuları nişan alacağıq" (BBC).