İŞİD ən təhlükəli silahını - yeniyetmə terrorçuları meydana çıxarır

24-12-2016, 10:48           
İŞİD ən təhlükəli silahını - yeniyetmə terrorçuları meydana çıxarır

Avropada son həftədə bir neçə terror aktı baş verdi. Berlində yük maşınının 12 nəfəri öldürməsi, Sürixdə məscidə hücum hadisəsi Avropada Yeni il günlərində yenidən terror olacağı ilə bağlı iddialara səbəb olub. Belçika polisi isə Yeni il yarmarkası zamanı terror törətməyə hazırlaşan 10 nəfər azyaşlını həbs edib. Belçika krallığının nümayəndəsi Erik Van Der Sipt deyib ki, saxlanılan azyaşlılar terror təşkilatları tərəfindən ələ alınıblar.

Media yazır ki, uşaqlar internet vasitəsi ilə terrorçulardan insanın necə öldürülməsi və bombanın necə hazırlanması barədə təlimatlar alıblar. Agentliyin yazdığına görə, hazırda İŞİD terrorçuları Avropada terror aktları törətmək üçün müsəlman uşaqları ələ almağa və onlara təlim verməyə başlayıblar. Almaniyanın “Der Spiegel” nəşrinin yazdığına görə, Lyudviqshafen şəhərində də 12 yaşlı uşaq saxlanılıb. O da yeni il yarmarkasında terror aktı törətməyə istəyib, ancaq azyaşlı partlayıcını işə salmaq istəyib, amma o işləməyib. Bildirilir ki, azyaşlı İŞİD tərəfindən təlimləndirilib.

Qeyd edək ki, bu məlumatlar terror təşkilatlarının Avropanı hədəfə almasını göstərməklə yanaşı, eyni zamanda daha fərqli üsullara əl atdıqlarını göstərir. Buna qədər ilk vaxtlar kamikadze-terrorçular özləri gedib haranısa partladır və ya silahlı hücum törədir. Daha sonra şübhə çəkməmək üçün qadınları bu işə cəlb etdilər və bir müddət diqqət çəkməyən qadın terrorçular partlayış törədirdi. Ancaq indi görünür ki, terrorçular qadınlara da nəzarət artdığı üçün uşaqları cəlb edirlər.

Xatırladaq ki, bir müddət əvvəl İŞİD “Xəlifənin gənc əsgərləri” adlı uşaq proqramı başladıb. İnternetdə yayılan video və fotolarda yaşları 15-dən az olan yeniyetmələrin hərbi təlim aldığı, dini dərslərə cəlb olunduğu görünür. Gənclər burda cihad və şəhadət təlimləri alır.


Amerikalıların hesabatına əsasən, İŞİD-in daha əvvəl malik olduğu ərazilərdə xeyli sayda uşağı öz cərgələrinə qatmaq imkanı var. Suriya İnsan Haqları Müşahidə Təşkilatı isə 2015-ci ildə İŞİD-in 1500 uşağı əsgər kimi istifadə etdiyini açıqlayıb. Təşkilatın hesabatına əsasən, İŞİD ələ keçirdiyi yerlərdə təhsili yasaqlayır və uşaqlara daha çox özlərinin təlimlərini verir. Bu təlimlərdə uşaqlara cihad və terror təlim keçilir, uşaqları bu istiqamətdə təşviq olunur.
Yeri gəlmişkən, Almaniya kəşfiyyatı da İŞİD-in yetişdirdiyi uşaq terrorçulardan Avropada terror törədə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Oxşar xəbərdarlıqla ABŞ hökumət rəsmiləri də çıxış edib. Xüsusən də son olaraq Mosul əməliyyatı zamanı İŞİD-in həyata keçirdiyi “canlı bomba” terror aktlarının bir çoxunu yeniyetmələr törədib.

Türkiyədə və İraqda ələ keçən yeniyetmələrin bir çoxu İŞİD-in əlinə keçmələri, cəlb olunduqları təlimlər barədə məlumat verib. Xüsusi evlərə toplanan yeniyetmələrə “dini təlimlər” və silahla rəftar, fiziki hazırlıq dərsləri keçilir.

Daha sonra onların bir qismi, daha uyğun olanlar ayrılaraq savaşçı olaraq seçilir və “cihada”, “şəhadətə” yönləndrilir. Uşaqlardan bəziləri qorxudan özünü partlada bilmir və ya qaçaraq hökumət qüvvələrinə təslim olur. Bir hissəsi isə təlimatı icra edib partlayış törədə bilmir. Ancaq qeyd olunduğu kimi bir çox partlayışları məhz yeniyetmə əsgərlər törədir.


Qeyd edək ki. bir neçə gün əvvəl Dəməşq şəhəri ətrafında Polis İdarəsinə gələn 7 yaşlı qız uşağı ailəsini itirdiyini deyib və tapılması üçün polislərdən yardım istəyib. Daha sonra ayaqyoluna gedən uşaq özünü partladıb. Bu hadisədən bir neçə gün sonra internetdə yayılan videoda müxaliflərdən biri azyaşlı qızlarına şəhadətdən və özləri fəda etməkdən danışırdı. Videodakı qızlardan birinin Dəməşqdə özünü partlatdığı uşaq olduğu haqda iddialar var. Terrora uşaqların cəlb olunması qeyri-insani və vəhşicəsinə olduğu qədər təhlükəlidir. Çünki bu yaşda uşaqlar diqqət cəlb etmir, adətən yoxlamalara məruz qalmırlar. Bu isə terror riskini daha da çoxaldır.


Xatırladaq ki, Avropa araşdırma mərkəzlərinin məlumatına əsasən Suriya və İraqdan Avropaya mühacirət edənlər arasında 5 minə yaxın İŞİD və digər terrorçu qrup üzvü var. Bu insanların bir qisminin qaçqınlar arasında məqsədli şəkildə yerləşərək terror məqsədi ilə Avropaya getdiyi iddia olunur.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.