Rusiya MN: "Radardan itən təyyarədə musiqiçilər və 9 jurnalist var"
25-12-2016, 11:37

Rusiya MN radardan itən təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçilərinin və jurnalistlər olduğunu təsdiqləyib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi “Tu-154” təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub.
Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan qısa müddət sonra radardan itib. Təyyarədə 83 sərnişin və 8 heyət üzvü olub.
***
saat 09.26
Bu gün yerli vaxtla saat 05.40 radələrində Soçinin Adler aerodromundan Suriyanın Xmeymim aerodromuna uçan, hava qalxdıqdan sonra radardan itən Tu-154 təyyarəsinin göyərtəsinə 83 sərnişin və 8 heyət üzvü olub.
APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
TASS agentliyi bəzi mənbələrə istinadən təyyarəsinin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçiləri və jurnalistlərin olduğu barədə məlumat yayıb. Musiqiçilər Xmeymim aerodromunda Yeni il konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış.
***
saat 08.39
Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidən uçuş edərkən radarlardan itib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 86 nəfər olub.
İlkin məlumata görə, təyyarə Suriyanın Latakiya bölgəsinə uçurmuş.
Məlumata görə, təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib.