Qarabağ polemikası: Serj Sərkisyan da danışdı

29-12-2016, 09:58           
Qarabağ polemikası: Serj Sərkisyan da danışdı
Ermənistanda eks-prezident Levon Ter-Petrosyanın çıxışından sonra başlayan Qarabağ və münaqişənin həlli naminə kompromislər polemikasına Serj Sərkisyan da qoşulub.

Virtualaz.org xəbər verir ki, bu gün Ermənistan prezidenti XİN-də ənənəvi yeni il qəbulu zamanı üstüörtülü şəkildə Ter-Petrosyanın dediklərinə reaksiya verib. Onun sözlərinə görə, ekspertlər, siyasi xadimlər və ya özlərini belə hesab edənlər periodik olaraq dövriyyəyə Qarabağ münaqişəsinin nizamlanmasına dair variantları buraxırlar. Lakin həqiqətdə bunların heç biri variant deyil, versiyalardır.

“Mən çox aydın şəkildə bildirirəm ki, indiyə qədər heç kim bizim danışıqlarda uzun müddətdir müzakirə etdiyimiz variantı təfərrüatları ilə açıqlamağa nail olmayıb. Bu da başa düşüləndir və qəbulediləndir, ancaq təfərrüatlara varmaq istəyəndə dərhal mahiyyətdən yayınırlar və arzular haqda danışmağa başlayırlar”, - Serj Sərkisyan deyib.

Erməni dövlət başçısı deyib ki, 2007-ci ildən bəri danışıqlarda Madrid prinsiplərindən başqa heç bir nizamlama variantı müzakirə olunmayıb. Onun sözlərinə görə, ən azı iki səbəb var ki, ictimaiyyət danışıqların detalları barədə məlumatlandırılmır. Bunlardan biri odur ki, əgər hər şey razılaşdırılmayıbsa. deməli, heç nə razılaşdırılmayıb. “Erməni tərəfinin danışıqlarda bir məqsədi var - Dağlıq Qarabağ üçün statusun müəyyən olunması. Biz bu mövqedən geri çəkilən deyilik”, - Sərkisyan bildirib.

Xatırladaq ki, Ter-Petrosyanın Qarabağa dair sülh razılaşmasına çağıran çıxışına Ermənistanın hakimiyyət dairələri və ekspertləri tənqidi reaksiya veriblər, belə çağırışların “Azərbaycanın maraqlarına xidmət etdiyini” deyiblər. Bu gün Ter-Petrosyan onun nitqi ətrafındakı polemikaya məqalə ilə cavab verərək bildirib ki, əslində, yeni heç nə deməyib və Ermənistan hakimiyyətinin danışıqlarda müzakirə etdiyi, prinsipcə razılaşdığı nizamlama variantı haqda danışıb. Hansı ki, bu variant ilkin mərhələdə 5 rayonunun Azərbaycana qaytarılmasını, Dağlıq Qarabağ üçün aralıq statusun müəyyən edilməsini nəzərdə tutur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.