Kremlin təhlükəli planı – ABŞ-dan Bakıya yeni xəbərdarlıq

29-12-2016, 10:01           
Kremlin təhlükəli planı – ABŞ-dan Bakıya yeni xəbərdarlıq
Amerikanın “kölgə kəşfiyyatı”na görə, 2017 Rusiya üçün şans ili olacaq və...; gələn il Azərbaycan qarşısında strateji seçim məsələsi daha ciddi şəkildə dayana bilər; Ankara-Bakı müttəfiqliyi üçün yeni çağırışlar...

ABŞ-ın yeni prezidenti Donald Trampın öz vəzifəsinə başlamasına 3 həftə qaldı. İndi əksər siyasi analitiklər onun Rusiya ilə, həmkarı Vladimir Putinlə münasibətləri necə quracağı haqda baş sındırır. Diqqətçəkicidir ki, artıq Trampın bu məsələdə təkbaşına hərəkət edə bilməyəcəyi haqda fikirlər üstünlük təşkil etməyə başlayıb. Hər necə olmasa, ABŞ-ın öz xarici prioritetləri və köklü maraqları var. Bu xüsusda yeni maraqlı şərhlər gəlməkdədir.


“2017-ci ildə Rusiyanın Avrasiyada qüvvələr balansını öz xeyrinə dəyişmək şansı yaranacaq”. Bu iddia ilə ABŞ-ın “Kölgə kəşfiyyatı” kimi tanınan “Stratfor” analitik şirkəti çıxış edib. Şirkətin ekspertlərinin fikrincə, Rusiyanın belə şansının yaranmasına Avropa Birliyi və ABŞ-da olan siyasi dəyişikliklər təsir edəcək.


“Böyük Britaniyadakı iyun referendumu AB daxilində dərin fikir ayrılıqlarının olduğunu göstərdi. ABŞ-da yeni prezidentin Donald Tramp olması Moskva-Vaşinqton münasibətlərində yeni dönəm başlada bilər. Avropa Birliyini daha ciddi parçalanma təhdid edir. Belə ki, əgər Fransa, Almaniya, Niderland və İtaliyada müxalif rejimlər hakimiyyətə gəlsə, AB-nin gələcək taleyi qaranlıq olacaq. Bütün bunlar Rusiyaya öz hədəflərinə çatmaq üçün ciddi şans verir”, - deyə hesabatda qeyd olunur.

Şirkət həmçinin Moskvanın özünə bufer zona kimi gördüyü postsovet məkanında yenidən aktivləşəcəyini proqnoz edib: “Postsovet məkanında da Rusiyanın təsiri önəmli dərəcədə artacaq. Ənənəvi olaraq Moskva ilə yaxşı əlaqələri müdafiə edən bir sıra ölkələr - Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstanın Rusiya ilə əməkdaşlığı genişlənəcək. AB-nin bu ölkələrə təsiri çox zəifləyəcək. Azərbaycan və Özbəkistanda da Rusiya təsiri arta bilər. Bu ölkələrlə Moskva arasında əlaqələr təhlükəsizlik sferasında əməkdaşlığın inkişafı ilə bağlı artacaq. 2017-ci ildə həmçinin postsovet məkanının ən vacib təşkilatı olan Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının aktivliyi də çoxalacaq”.

Lakin “Stratfor” hesab edir ki, bütün proseslərə rəğmən, ABŞ və AB-dəki güclü qruplar Rusiyaya tətbiq edilmiş sanksiyaların yumşaldılmasına qarşı mübarizəyə başlayacaq. “NATO qoşunları isə Rusiya sərhədindən kənara getməyəcək. Moskvanın postsovet məkanı və Qərblə münasibətlərdə öz mövqelərini gücləndirmək şansları hələ də çoxdur”, - deyə amerikalı təhlilçilər düşünür.

***

Qeyd edək ki, bundan qabaq ABŞ-ın ölkəmizdəki və ATƏT-in Minsk Qrupundakı sabiq səfiri Metyu Brayza Rusiyanın enerjidaşıyıcıları məsələsindən istifadə edib, Azərbaycan və Gürcüstana təzyiqləri artıra biləcəyini proqnoz eləmişdi. Yəni belə görünür ki, ABŞ-Rusiya rəqabəti çoxşaxəli olmaqla, təkcə hərbi sferanı əhatə etməyəcək. Eyni zamanda Azərbaycanın yerləşdiyi Güney Qafqaz uğrunda kifayət qədər sərt mübarizənin gedəcəyini proqnoz eləmək mümkündür.

Demək, Bakının strateji seçim məsələsi daha aktuallığı ilə gündəmə gələ bilər - madam ki, böyük bir bölgə Rusiyanın maraqlar zonası kimi tanınacaq. Söhbət həm də Dağlıq Qarabağın taleyindın gedir. Odur ki, Trampın Ağ Evə sahiblənməsi ilə Rusiya ilə münasibətlərdə özünü göstərəcək ciddi gəlişmələrlə bağlı rəsmi Bakı yeni imperativlərə olduqca çevik reaksiya göstərmək zorundadır.

Nəzərə alsaq ki, gələn il Ankara-Moskva əlaqələrinin də yüksəlişdə olacağı gözlənilir, o zaman ən optimalı bu olardı ki, Azərbaycan öz xarici siyasətini, Dağlıq Qarabağ strategiyasını öncəliklə qardaş Türkiyə ilə birgə, sinxron şəkildə izləsin. Həm də o səbəbə ki, bir çox təhlilçilərə görə, Moskva-Ankara əlaqələrinin inkişafı Türkiyənin Qarabağ məsələsinin həllində təsirinin güclənməsi ilə müşayiət olunacaq. Onu da unutmaq olmaz ki, Rusiya və NATO üzv Türkiyə nə qədər isti münasibətlərdə olsa da, onlar dolayısıyla regional rəqiblərdir.

***

Maraqlıdır ki, az öncə ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin Rusiya ilə münasibətləri normallaşdırmaq üçün plan işləyib hazırladığı haqda xəbər yayılmışdı. “Bild” nəşrinin yazdığına görə, Kissincer Ukrayna münaqişəsinin həlli yolunda ABŞ və Rusiya arasında vasitəçi olacaq. Kissincerin düşüncəsinə görə, ABŞ Rusiya ilə günü-gündən qüvvətlənən Çinə qarşı birləşməyə ehtiyac duyur.

Hətta məqalə müəllifləri bir az da irəli gedərək qeyd ediblər ki, D.Tramp Kissincerin məsləhəti ilə Rusiyaya qarşı sanksiyaları ləğv də, Krım məsələsini isə unuda bilər. İddialara görə, Kissincer Rusiyanın Belarusdan tutmuş Ukrayna, Gürcüstan və Qazaxıstan kimi keçmiş sovet ölkələrinin üzərindəki “ağalığını” dəstəkləyir. Bu isə o deməkdir ki, ABŞ Rusiyanın Polşadan Çinə qədər ərazilərdəki nüfuzunu etiraf edir.

Bir sözlə, önümüzdəki aylarda Azərbaycan da daxil, böyük bir bölgəni yeni və tarixi bir dönəm gözləyir.

Siyasət şöbəsi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.