Putin amerikalı diplomatlara toxunmayacaq: “Heç kimi göndərməyəcəyik”
30-12-2016, 21:51
Rusiya prezidenti Vladimir Putin amerikalı diplomatları ölkəsindən çıxarmayacaq.
Bu barədə məlumat dövlət başçısının Kremlin rəsmi saytında yayılan bəyanatında deyilir.
«Vətənə qayıdan rusiyalı diplomatlar bayram tətilini evdə – doğmalarının əhatəsində qeyd edəcəklər. Biz amerikalı diplomatlara problem yaratmayacağıq. Heç kimi göndərməyəcəyik. Onların ailələri və övladları əvvəlki kimi, istifadə etdikləri istirahət məkanlarına gedə, bayram tədbirlərinə qatıla biləcəklər», deyə Putin bildirib.
Rusiya prezidenti əlavə edib ki, Barak Obama administrasiyasının öz işini bu cür yekunlaşdırmasından təəssüflənir.
Xatırladaq ki, ABŞ Moskvadakı Amerika diplomatlarının sıxışdırılmasına cavab olaraq 35 rus diplomatı ölkədən qovub və Rusiyanın Nyu-York və Merlilenddəki iki diplomatik şəhərciyini bağlayıb. Diplomatlara ABŞ-ı tərk etmələri üçün 72 saat vaxt verilib.
Bu gün isə Rusiya Xarici İşlər Nazirliyi prezident Putinə ABŞ-a qarşı anoloji addım atıb Rusiyadakı 35 amerikalı diplomatı ölkədən çıxarmağı təklif edib.