Trump-ın Arnold Schwarzenegger-ə hücumu
8-01-2017, 19:36

Donald Trump-ın Arnold Schwarzenegger-ə hücumu ya axmaqlıqdır, ya da müdriklik. “The Washington Post”un məqaləsi belə adlanır.
Donald Trump ABŞ prezidenti kimi fəaliyyətinə başlamaq ərəfəsindədir. Amma o, NBS telekanalında yayımlanan “Məşhurun şagirdi”(Celebrity Apprentice) teleşousunda icraçı prodüser titulunu da saxlayır. Məntiqlə baxanda, Trump 14 mövsüm aparıcılıq etdiyi bu şounun indi yeni aparıcısı Arnold Schwarzenegger-lə birlikdə uğur qazanmasını istəyərdi.
Amma bununla belə! Yanvarın 6-da Donald Trump kəşfiyyat rəhbərləri ilə çoxdan gözlənilən bir məsələ ətrafında – Rusiyanın hakerlik cəhdləri mövzusunda informasiya mübadiləsi edəcəkdi. Belə bir vacib gündə yeni seçilmiş prezident cümə gününün bir hissəsini aktyor və Kaliforniyanın keçmiş qubernatorunu verilişdəki debütündə aşağı reytinqinə görə tənqidə həsr edib.
“AXI O, CLİNTON-U DƏSTƏKLƏYİRDİ”
Məlumat üçün qeyd edək ki, Donald Trump 2005 – ci ildən 2015-ci ilə qədər “Məşhurların şagirdi” teleşousunun aparıcısı olub. Amma NBC kanalının rəhbərliyi seçkiqabağı qalmaqallı bəyanatlarına görə milyonerdən proqramdan ayrılmasını xahiş edib. Prezident seçilmiş Trump indi şouda aparıcılıq edə bilməz. Amma əldə olunmuş razılaşmaya görə, Trump-ın adı icraçı prodüser kimi saxlanır.
Ulduzların xeyriyyəçilik məqsədiylə pul yığmağa yardımçı olduqları şou 2017-ci ildə yenidən efirə çıxıb. Yeni aparıcısa kinoaktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Schwarzenegger-dir. Yeni seçilmiş prezident və şounun yeni aparıcısı arasında münaqişə də elə bundan sonra başlayıb. Qalmaqallı siyasətçi özünün Twitter hesabında yeni aparıcı ucbatından şounun reytinqinin kəskin düşdüyünü deyib:
“Reytinqlər dərc olunub və Schwarzenegger boğaza qədər çirkaba batıb. Əgər onun reytinqini reytinqlər qaldıran maşın sayılan Donald Trump-la müqayisə etsək, o, demək olar, məhv olub! Kino ulduzu olması da ona kömək etmədi. Onun birinci mövsümünün reytinqini mənim sonuncu mövsüm reytinqimlə müqayisə edirlər. Bəs mənim birinci mövsümümlə müqayisə etsələr, nə olardı? Amma nə fərqi var. Axı, o seçkilərdə Hillary Clintonu dəstəkləyirdi”.
Schwarzenegger bu təxribatçı tvitə səbirlə və nəzakətlə cavab verib. O, yeni prezidentin öz reytinqinə işlədiyi kimi, bütün amerikalılar üçün də var-gücü ilə işləyəcəyinə inanmaq istədiyini deyib.

46 FAİZ YÜKSƏK REYTİNQ
“Nielsen” sosioloji marketinq şirkətinin göstəricilərinə görə, Schwarzenegger-in iştirakı ilə “The New Celebrity Apprentice” proqramı 4,9 milyon tamaşaçı toplayıb. Bu göstəriciylə o, CBS və ABC-nin eyni vaxtda yayımlanan şoularına uduzub.
“Fortune magazine” növbəti gün bədbin perspektivdən danışıb:
“NBC Schwarzeneggerin “Şagird”-i üçün həddən artıq münbit şərait yaratsa da, keçmiş Kaliforniya qubernatoru və film ulduzunun realiti-şousu startdaca ümidləri qırdı, xüsusilə də sələfinin reytinqi ilə müqayisədə”.
“Celebrity Apprentice”-in son axşamının reytinqi Trump-ın axırıncı mövsümdəki (2014-2015) debüt epizodu ilə müqayisədə 22 faiz aşağı nəticə göstərib. Həmin mövsüm hər gecə orta hesabla 7,6 milyon tamaşaçının izlədiyi şounun göstəricisi Schwarzenegger-in debüt reytinqindən təqribən 46 faiz yuxarı olub.
Beləliklə, Trump Schwarzenegger-lə müqayisədə böyük TV reytinqi əldə etməyə qadirdir. “Washington Post”un yazdığına görə, onun tvitləri də deməyə rəvac verir ki, yeni seçilmiş prezident eqoistdir, hətta söhbət şou proqramdakı uğurdan gedəndə belə, bunu hamıya çatdırmaq arzusundan çəkinə bilmir.
EHTİMALLAR

Qəzetin başqa ehtimalı da budur ki, prezidentin şou ətrafında qalmaqal yaratması qurama da ola bilər. Realiti-şoular münaqişələrlə çiçəklənir. Yeni aparıcı, “terminator” və Mr.Kainat… köhnə aparıcı, icraçı prodüser və … seçilmiş prezidentə qarşı. Çox inandırıcı münaqişədir.
Başqa ehtimal da var. Meksika ilə arada sərhəd divarının çəkilməsinə olan eyhamlar, seçicilərinin ehtirasları, Clintonun seçki atəşfəşanlığının ləğvi istiqamətindəki kampaniya, Trump-ın “Vogue” jurnalının redaktoru Anna Wintour ilə görüşü, inauqurasiya mərasiminin “Böyük şou!” olacağı gözləntiləri… Bütün bunlar çox müzakirə olunan məsələlərdir. Rusiya hakerlərinin onun qələbəsi ilə nəticələnən seçki prosesinə təsir etmə cəhdi mövzusunda kəşfiyyat rəsmiləri ilə cümə günü görüşüsə ən çox maraq doğuran məsələlərdəndir. Elə isə Schwarzenegger-lə tvitləşmələr gündəmin əsas mövzusundan diqqəti yayındırmaq məqsədiylə edilə bilərmi? Bu da digər ehtimaldır.
“Trump-ın verilişdəki vəliəhdinə hücumu ya tam axmaqlıqdır, ya çox böyük müdriklik. Ya da hər ikisi”, – qəzet yazır.
(azadliq.org)