Rusiya bu rübdə Belarusa tədarük etdiyi 4,5 milyon ton nefti 4 milyon tonadək endirəcək. Avropa.info xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən “Kommersant” qəzeti yazıb. Məlumatda deyilir ki, Energetika Nazirliyi belorus tərəfinə yeni qrafiki 28 dekabrda verib. Moskvanın belə addım atmasına səbəb kimi Minskin qaza görə olan borcunu ödəməməsi göstərilir. 2016-cı ilin dekabrında Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç demişdi ki, Moskva qaza görə Minskdən 281 milyon dollarlıq borcunu gözləyir. Belorusun neftin tranziti ilə bağlı Rusiya ilə apardığı danışıqlarda nəticə əldə olunmayıb. 1 fevraldan Belorus ərazisinə daşınan neftin tranzit xərcinin artması gözlənilir.