Gürcüstan Ermənistana ötürülən təbii qaza görə pul alacaqmı? –Nazirdən açıqlama
9-01-2017, 22:44

"“Qazprom”la danışıqlarda Gürcüstanın mövqeyini yüksək səviyyədə müdafiə etmək əsas məqsədimizdir”.
Bunu jurnalistlərə Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya bildirib.
Onun sözlərinə görə, məqsəd təbii qaz və enerji bazarını şaxələndirmək, bu zaman Gürcüstanın maraqlarını yüksək səviyyədə qorumaqdır: “Artıq bir neçə dəfə Gürcüstanın təbii qaz təminatında müəyyən problemlər yaşanıb və risklə üzləşmişik. Bunun təkrar olunmaması üçün bütün tərəflərlə danışmalıyıq. Daxili bazarımızın şaxələndirilməsinə nail olmalıyıq”.
Nazir “Qazprom”un Ermənistana verdiyi təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə Gürcüstana pul ödəməsi mümkündürmü” sualına cavabında deyib: “Qarşıya qoyulan məqsədə nail olunması, bazarın şaxələndirilməsi və Gürcüstan iqtisadiyyatının inkişafı naminə hər şey mümkündür”.
Gürcüstanın energetika naziri Kaxa Kaladze isə vurğulayıb ki, onun ölkəsi növbəti danışıqlarda da öz mövqeyində qalacaq və “Qazprom”dan Ermənistana nəql olunan qazın ümumi həcminin 10 faizini tələb edəcək: "Gürcüstan ilə Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, SOCAR-dan təbii qaz alınır. Amma bu ölkənin “mavi yanacağ”a olan tələbatını tam ödəmir. Hazırda Gürcüstanda əhalinin təbii qaza olan tələbatında problem yoxdur. Amma vəziyyət dəyişə bilər".
Qeyd edək ki, “Qazprom”un Gürcüstan ərazisindən keçməklə Ermənistana nəql etdiyi təbii qazın 10 faizi həcmində Gürcüstana “mavi yanacaq” verirdi. Bu müqavilənin müddəti 2016-cı il dekabrın 31-də başa çatıb. Hazırda Ermənistana təbii qazın nəqli əvvəlki qaydada davam edir. Artıq “Qazprom”la Gürcüstan tərəfi arasında iki dəfə danışıqlar nəticəsiz başa çatıb. “Qazprom” Ermənistana satdığı qazın Gürcüstan ərazisindən nəqlinə görə gürcü tərəfinə pul kompensasiyasının ödənilməsini təklif edir. Gürcüstan isə əvvəlki kimi Ermənistana ötürülən “mavi yanacağ"ın ümumi həcminin 10 faizini tələb edir.
İqtisadçı ekspertlər hesab edirlər ki, Gürcüstan öz ərazisindən qazın nəqlinə görə pul almaqla ərazisinin bir hissəsini “mavi yanacaq"sız qoya bilər. Ona görə də hökumət bu məsələdə güzəştə gedə bilməz. Dünya bazarında qiymətlər dəyişir və “Qazprom”un ödədiyi pulla SOCAR və ya digər beynəlxalq şirkətdən qaz almaq olmayacaq. Ona görə də güzəştə getmək olmaz.
Ekspertlərin fikrincə, bu güzəşt Gürcüstanın Neft Qaz Korporasiyasının səhmlərinin 25 faizinin satışında mühüm rol oynaya bilər.
Report