Sarkisyandan "at gedişi" - Konstitusiya "çevrilişi"- nə hazırlıq
20-07-2015, 12:33
Ermənistanda yeni konstitusiya layihəsi hazırlanır. Yeni layihədə ölkədə prezident və parlament seçkilərinin qaydaları dəyişdirilir və seçkilərin proporsional sistem əsasında keçirilməsi nəzərdə tutulur.
ANS PRESS-in məlumatına görə, İrəvanda Konstitusiya İslahatları üzrə İxtisaslaşdırılmış Komissiya tərəfindən əsas qanunun yeni layihəsinin birinci yeddi maddəsi mətbuatda dərc edilib.
Ermənistan Ədliyyə Nazirliyinin saytında yerləşdirilmiş informasiyada deyilir ki, dərc edilmiş fəsillər Konstitusiyanın əsas müddəalarını təşkil edir və ölkədə vətəndaşların əsas azadlıqları, vəzifələri yer alır. Eyni zamanda qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşması mexanizmləri, prezidentin, parlamentin, hökumətin, məhkəmənin hüquq və vəzifələri göstərilir.
Yeni Konstitusiya layihəsinə əsasən, Milli Məclis beş ilə seçilir, proporsional sistem əsasında keçirilən səsvermədə minimum 101 deputatın səs verməsi tələb olunur (indiki redaksiyada majoritar dairələr üzrə 131 deputatın səsverməsi ilə seçilir). Əgər seçkilər nəticəsində heç bir siysi qüvvə parlamenti formalaşdırmağa müvəffəq olmursa, onda parlament seçkilərinin ikinci turu keçirilir, səslərin ən çoxunu yığmış iki partiya və ya partiya bloku iştirak edir. Parlamenti formalaşdıran partiyalar ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürməyə və hökumətin güman edilən proqramının əsas bəndlərini təqdim etmək hüququna sahibdir.
Öz növbəsində, prezident 7 illik bir müddətə seçilir. Amma indiki halda 5 illik iki müddətə seçilmək mümkündür. Qüvvədə olan sistemdən fərqli olaraq, yeni Konstitusiya layihəsində prezident seçkiləri keçirilmir, dövlət başçısını parlamentin deputatları seçir. Prezidentliyə namizəd vermək üçün ümumi deputat seçicilərinin minimum 1/5 hissəsinin səsi lazımdır. Ümumi seçici səslərinin minimum 3/5-nü yığmış namizəd prezident seçilir.
Əgər birinci turda heç bir namizəd səslərin lazımlı miqdarını yığmağa müvəffəq olmursa, onda ikinci tur elan olunur və ilk turda iştirak edən bütün namizədlər qatılır. Qələbə üçün seçicilərin səslərinin ən azı yarısını yığmaq lazımdır. Əgər heç bir namizəd səslərin lazım olan miqdarını yığa bilmirsə, bu dəfə üçüncü tur elan edilir. İkinci turda səslərin ən çoxunu toplamış 2 namizəd sonuncu turda qatılır və səslərin ən çoxunu yığan namizəd qalib seçilir.
Güman edilir ki, yeni layihədə prezidentə ancaq səfirlərin təyinatı, diplomatik statusların, silahlı qüvvələrdə çalışanlara hərbi rütbələrin verilməsi və baş nazirin təyinatı ilə bağlı səlahiyyət verilir. Amma Konstitusiyanın indiki redaksiyasında prezident yuxarıda göstərilənlər və başqa təyinatlar üzrə müstəqil qərar qəbul edir. Hərbi vəziyyətlər zamanı baş nazir Ali Baş Komandan olur. İndiki halda Silahlı Qüvvələrin Ali Baş Komandanı prezidentdir.
Yerli erməni ekspertləri yeni sitemin Ermənistan üçün faydalı olacağını, yeni nə verəcəyini söyləməkdə çətinlik çəkirlər. Onların fikrincə, parlamentar sistem dah çox güclü dövlətlər üçün yararlıdır. Ermənistan isə zəif dövlətdir və istənilən silahlı qüvvə parlamentə soxulub öz diktəsini edə biləcək. Düşünürük ki, bu, xalqın hesabına varlanan şəxslərin növbəti oyundur. Bütün dünyada prezidenti xalq seçir və bu, daha demokratik sayılır. Ölkə irəliyə getməkdən, geriyə doğru gedir.
Görünən odur ki, İrəvanı növbəti etiraz dalğası gözləyir. Elektrik enerjisinin, suyun qiymətlərinin bahalaşmasına, eləcə də polisin davranışına etiraz edən xalq bu dəfə Serj Sarkisyanın mədəni dövlət çevrilişinə qarşı qalxacaq.