“Mitsubişi” kölə kimi işlətdiyi amerikalı hərbi əsrlərdən üzr istəyib - FOTO
20-07-2015, 15:29
Yaponiyanın ən böyük şirkətlərindən olan “Mitsubişi” İkinci Dünya Müharibəsi dövründə amerikalı hərbi əsirləri işlətdiyi üçün üzr istəyib.
“Mitsubişi” şirkətinin səlahiyyətcisi Hikaru Kimura Los-Ancelis şəhərindəki Simon Uesental Mərkəzinə aid Tolerantlıq Muzeyində təşkil olunan mərasimdə İkinci Dünya Müharibəsi zamanı təxminən 900 hərbi əsirin bu şirkətə aid mədən və sənaye müəssisələrində ağır şərtlər altında işləməyə məcbur edildiyi üçün böyük kədər hiss keçirdiklərini və "keçmişdəki bu tragediyadan dərin əxlaqi məsuliyyət hiss etdiklərini" vurğulayıb.
Mərasimdə amerikalı hərbi əsirləri təmsil edən 94 yaşındaki Ceyms Mörfi 70 ildir ki, bu anı gözlədiyinə işarə edərək, "Kimuranın söylədiklərini diqqətlə dinlədim və sözlərini son dərəcə səmimi qarşıladım. Ümid edirəm ki, keçmişdəki bu ağrılar bir daha yaşanmaz" deyib.
Hanava şəhəri yaxınlığındakı mis mədənində bir il müddətində kölə kimi işlədildiyini bildirən Mörfi "Yaşadıqlarımız dəhşətli idi. Nə yiyəcək bir tikəmiz, nə də geyinəcək bir şeyimiz var idi. Dərman da yox idi. Ən kədərlisi isə Mitsubişinin Amerikaya qarşı döyüş təyyarələri hazırladığını bilmək idi. 70 ildir ki, bu anı gözləyirdim. Amma məni əsir götürənləri bağışladım" deyib.
Mərasimə Yaponiyada əsirlik həyatı yaşamış amerikalı döyüşçülərin ailələri də qatılıb.
“Mitsubişi” İkinci Dünya Müharibəsi zamanı yaşanan hadisələrlə bağlı üzr istəyən ilk şirkət oldu. İkinci Dünya Müharibəsi illərində bu şirkət tərəfindən 500 nəfəri amerikalı olmaqla, 900 nəfərə yaxın hərbi əsir kölə kimi işlədilib. Həmin hərbi əsirlər arasında çinlilər, filippinlilər və koreyalılar da olub.
Yaponiya hökumətinin təmsilçiləri də 2009-cu və 2010-cu illərdə dilə gətirdikləri rəsmi açıqlamalarda amerikalı hərbi əsirlərdən üzr istəyiblər.