Sanksiyalara görə Putin öz administrasiyasında ixtisarlar aparacaq
17-08-2015, 20:22
Rusiya prezidenti Vladimir Putin 2016-cı il seçkiləri öncəsi öz administrasiyasında da ixtisar həyata keçirməyi düşünür.
Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Putin bu addımı dövlət büdcəsinə qənaət məqsədilə edəcək. O, bunun üçün administrasiya əməkdaşlarının 10 faizini işdən azad etməyə hazırlaşır.
Digər tərəfdən, “Bloomberg” agentliyi ictimai rəy sorğularında populyarlığı 90 faiz olan Putinin bahalı həyatları ilə diqqət çəkən administrasiya üzvlərini cəzalandırmaq istəyinin də olduğunu düşünür. Xüsusən, mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun 620 min dollarlıq saatının ilə toyda görüntülənməsi bu addımı labüd edib.
“İnsanların dövlət məmuruna məxsus yarım milyon dollarlıq saatı müzakirə etməsi fonunda bu çox önəmli seçkiqabağı kampaniyadır”, - agentlik qeyd edir.
2014-cü ildə Krımın ilhaqından sonra Putin öz əmək haqqını 2 dəfədən çox artıraraq 7,6 milyon rubl, yaxud 118 min dollara çatdırdı. Prezident administrasiyasının 1715 işçisi isə ayda ortalama 234 min rubl (3621 dollar) maaş alır. Bu, Rusiya üzrə orta aylıq əmək haqqı göstəricilərini 7 dəfə üstələyir.
“İnsanlar bilir ki, məmurlar onlradan qat-qat yaxşı yaşayır. Onlar tam bir güzəşt sisteminə sahibdirlər”, - Siyasi Texnologiyalar Mərkəzinin direktoru İqor Bunun deyir.
Vladimir Putinin hakimiyyətdə olduğu 15 ildə federal məmurların sayı 521 min nəfərdən 1,4 milyon nəfərə, regional administrasiyaların işçilərinin sayı isə 1,2 milyondan 2,2 milyona qədər artıb.
“Bloomberg”in məlumatına görə, 2015-2016-cı illərdə Rusiya Maliyyə Nazirliyi ştatlı işçi aparatını hər il 10 faiz azaltmaq barədə qərar qəbul edib.