Kremlin “boz kardinalı” Vahid Ələkbərova qarşı - Oliqarxların müharibəsi
26-08-2015, 19:36
Rusiyada prezident Vladimir Putinin yaxın dostlarının çevrəsinə daxil olan Kremlin “boz kardinalı” hesab edilən “Rosneft” prezidenti İqor Seçinlə azərbaycanlı neft maqnatı, “LUKoil” prezidenti Vahid Ələkbərov arasında əsl müharibə gedir.
Virtualaz.org saytı xəbər verir ki, buna səbəb “Rosneft”in “LUKoil”u Rusiyanın Arktika şelfində, Şərqi-Taymır yataqlarında işləməyə buraxmamaq cəhdləridir.
Yeraltı sərvətlərin istismarına dair lisenziya verən dövlət orqanı “Rosnedr” Vahid Ələkbərovun şirkətinə bu yataqlarda işləmək üçün lisenziya versə də “Rosneft” məhkəmə iddiası qaldıraraq bu lisenziyanın ləğvinə nail olub - ən azı ilkin instansiya məhkəməsində...
Moskva Arbitraj Məhkəməsi “Rosneft”in iddiasını təmin edərək “LUKoil”a Krasnoyarsk diyarının Şərqi-Taymır hissəsində yeraltı sərvətlərin istismarına dair verilmiş lisenziyanı dayandırıb.
“Rosneft”in bu iddiası “Rosnedr”ə qarşı qaldırılmışdı və orada müsabiqə komissiyası şərtləri kobud şəkildı pozmaqda ittiham olunurdu. “Rosneft” hesab edirdi ki, “LUKoil”a müvafiq lisenziyanın verilməsi qanuni deyil.
Bundan sonra mətbuatda “Rosneft”i tənqid edən məqalələr çıxmağa başladı və dövlət şirkətinin Arktika şelfindəki fəaliyyəti tənqid olundu. Bildirildi ki, “Rosneft” özəl şirkətləri Arktika şelfinə buraxmamaqla bu yataqları inhisara alır, eyni zamanda özü yetərli səviyyədə kəşfiyyat-qazma işləri aparmır.
Bu tənqidlərə cavab olaraq “Rosneft”in ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti, ORT kanalındakı “Lakin” (“Odnako”) adlı verilişin aparıcısı Mixail Leontyev mətbuat konfransı keçirərək “LUKoil”u dövlət şirkətinə qarşı mətbuatda qara piar aparmaqda ittiham edib.
M.Leontyev bildirib ki, KİV-lərdə “Rosneft”ə qarşı aparılan gözdənsalma kampaniyasının arxasında Şərqi-Taymır yataqlarına lisenziya almaq üstündə yaranmış münaqişəli situasiya dayanır. Onun sözlərinə görə, “Rosneft”i bu yataqlarda fəaliyyətsizlikdə günahlandırsalar da bunun əsası yoxdur, işlər əvvəlki miqyasda davam edir. Ötən il “Rosneft” “Rosnedr”in büdcəsinə “LUKoil”dan üç dəfə çox vəsait ödəyib.
Leontyevin sözlərinə görə, əgər “LUKoil” Şərqi-Taymır yataqlarında işləmək üçün lisenziya almağa nail olsa belə tək işləyə bilməz, hökmən özəl şirkətləri də bu işə cəlb etməli olacaq.
“Hazırda mətbuatda bizə qarşı aparılan sifarişli kampaniya tamamilə aydındır. Biz qara piara, hansısa anonim yazıçılara pul xərcləmək niyyətində deyilik, sözümüzü birbaşa deyirik”- Leontyev bildirib.
“Rosneft” vitse-prezidenti “Rosnedr”i məhkəmə çəkişməsində özəl şirkətin - “LUKoil”un xidmətlərindən istifadə etməkdə günahlandırıb və bunu “qəribə situasiya” adlandırıb.
“Biz çox istərdik ki, “LUKoil” özünü rəqiblərinə, partnyorlarına və digərlərinə qarşı korrekt aparsın. Sifarişçinin növbəti üfunətli kampaniyasına baş qoşmaq istəmirik, hansı ki, bunun mənasını yaxşı bilirik.
Müharibə başlamaq fikrində deyilik, onu erkən mərhələdə bitirmək istəyirdik. Gəlin mübahisəli məsələləri sakit, korrekt şəkildə, qanunlar çərçivəsində aydınlaşdıraq”- deyə M.Leontyev “LUKoil”a çağırış edib.