İtalyada TAP-ın TAPdığı gizli düşmənlər......

29-10-2018, 08:59           
İtalyada  TAP-ın TAPdığı gizli düşmənlər......
Azərbaycan qazı Avropada kimləri “üşüdür”? Fikrət Yusifov: “Məsələnin kökləri siyasidir...”
İtaliyada hökumətin Transadriatik qaz kəmərinin (TAP) tikintisinin bərpa edilməsinə gözlənilmədən icazə verməsinin ardınca “No TAP” hərəkatı nümayişlərə başlayıb. Virtualaz.org İtaliya mətbuatına istinadən xəbər verib ki, hərəkat dünən TAP kəmərinin keçdiyi sahilyanı San-Foka bölgəsində nümayiş keçirəcəyini elan edib.

İtaliyanın baş naziri Cüzeppe Konte ötən gün TAP-ın tikintisinin bərpa edilməsinə icazə verilməsi barədə qərar imzalayıb. Baş nazir bildirib ki, artıq bu layihəyə müdaxilə etmək və onu dayandırmaq mümkün deyil. Çünki əvvəlki hökumət layihə ilə bağlı üzərinə ciddi öhdəliklər götürüb.

Qərarla bağlı etirazların baş qaldırılmasının ardınca baş nazir deyib ki, TAP-n ətraf mühitə təsiri barədə iki aydır araşdırma aparılırdı və nəticələrə əsasən bu qaz kəməri ekoloji standartları pozmur. Baş nazirin müavini Di Mayo isə bildirib ki, TAP-ın tikintisi dayandırılsaydı hökumət böyük məbləğdə cərimələr ödəməli olacaqdı.

“Biz iki aydır araşdırma aparırdıq və bu layihənin bütün aspektlərini öyrəndik, məlum oldu ki, tikinti dayandırılsa biz cərimələr şəklində 20 milyard avroya qədər vəsait ödəməliyik, yəni vətəndaşların illik gəlirinin cəmindən çox”- Mayo bildirib.

Buna cavab olaraq, “No TAP” hərəkatı ətraf mühit naziri Barbara Lezziyə müraciət edib ki, sabah Melandunyoya yollansın və həmin məbləğdə cərimələrin ödənilməli olduğunu sənədlərlə sübut etsin. Habelə “No TAP” hərəkatının fəalları hakim koalisiyada yer alan və uzun müddət TAP layihəsinə qarşı çıxan rusiyameyilli “5 Ulduz” hərəkatının nazirlərini istefaya çağırıblar. Onlar bildirilər ki, “5 Ulduz” hərəkatı hökumətdə yer alarsa, TAP-ın dayandırılmasına nail olacağını bildirirdi, indi isə onlar koalisiyanın digər ortağına - “Şimal Liqası”ına satılıblar.

İtaliyada TAP əleyhinə keçirilən aksiyalar bir sıra məsələləri gündəmə gətirib. Layihənin qarşısında duran əngəllərin İtaliya hökumətinin bu qərarı ilə tam şəkildə aradan qaldırılıb-qaldırılmadığı yönündə müxtəlif fikirlər səslənməkdədir. Eyni zamanda, bu etirazlarda siyasi çalarlar axtarılır. Əksəriyyət layihənin uğurla başa çatdırılacağını düşünür.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İtaliyanın TAP-la bağlı mövqeyi bəllidir: “Bu istiqamətdə artıq bir neçə müddətdir söz-söhbətlər gedir. Bizim mətbuatda da bu məsələ kifayət qədər müzakirə predimeti olub. Əslində qalsa, bu məsələnin arxasında elə səhnələr var ki, onların hamısı açıqlanmır. Burada bizim tam dəqiqliyi ilə görə bilmədiyimiz bəzi məqamlar var. Siyasi qısqanclıq məqamlarının olduğu istisna deyil. Bunu hiss etməmək mümkün deyil. İtaliya hökuməti TAP xəttinin tikintisinə, layihədə iştirakına könüllü şəkildə özü gedib. Azərbaycan tərəfi bunu məcburi şəkildə İtaliyaya təklif etməyib. Müqavilə ikitərəfli, qarışıqlı razılıq əsasında bağlanıb. Bu gün faktiki olaraq layihə tam reallaşdırılıb. Onun başa çatmasına az qalan bir müddətdə bu cür halların baş verməsi təsadüfi deyil. Artıq layihənin iki hissəsi açılıb.

May ayında Cənub Qaz Dəhlizi layihəsi, ondan bir ay sonra da Türkiyədə TANAP xətti açıldı. Söhbət indi TAP xəttinin üstünə gəlib çatanda bu məsələlər qabardılır. Hesab edirəm ki, burada daha çox siyasi motivlər var. Bu motivlərdən istifadə edərək Azərbaycanın uğurlarına sevinməyən, uğurlarımıza haradasa əngəl yaratmağa çalışan qüvvələr var. O qüvvələrin adını çəkmirəm. Hər kəs bilir ki, kimlərdən, hansı ölkələrdən söhbət gedir. Həmin qüvvələrin barmağıdır ki, bu məsələləri bu cür qabardıb ortalığa çıxarırlar. Əslində Azərbaycan öz qazını Avropaya təklif edir.

Avropa isə Xəzər qazının alınmasında olduqca maraqlıdır. Bunu dəfələrlə Avropa İttifaqı, onun aidiyyatı strukturları təsdiq ediblər. Bakıda bu tikinti ilə bağlı keçirilən hər illik toplantıda həmişə bu tikintiyə önəm verildiyi yüksək səviyyələrdə təsdiq olunub. Belə olan halda Avropa Birliyinə üzv olan İtaliya kimi bir ölkənin bu məsələyə belə ”qıcıq" göstərməsinin hansı kökləri ola bilər? Təbii ki, ancaq siyasi köklər ola bilər. Burada iqtisadi köklər yoxdur. Azərbaycan qazını Avropaya təklif etməklə Avropanın ən ciddi probleminin həllində öz rolunu oynamaq istəyir. Buna Avropa papağını göyə atıb sevinməli və Azərbaycana təşəkkürünü bildirməlidir. Eyni zamanda, İtaliya da Avropa İttifaqının bir ölkəsi kimi bunu alqışlamalıdır. Bunun başqa bir yolu yoxdur. Amma təəssüflər olsun ki, bu gün hansısa bir səhnədə çirkin oynayırlar. Təbii ki, bunu oynaya bilməyəcəklər. Çünki çoxluğa qarşı getmək mümkün deyil. Avropanın Cənub-Şərq hissəsi bir İtaliyadan ibarət deyil.

Bütün Avropanın Cənub-Şərq hissəsi Azərbaycan qazını gözləyir - “Şahdəniz” qazını. Bu baxımdan İtaliyanın baş nazirinin səsləndirdiyi fikirlərlə cərimələr gündəmə gətirilir. Təkcə cərimə məsələsi deyil, İtaliya bu addımları atmaqla bütün Avropa İttifaqının istəyinə qarşı getmiş olur. Hansısa qüvvələr maraqlar çərçivəsində ortalığa atılıb-düşüblər. Bu, elə-belə deyil. Layihəyə imza atılanda bilinmirdi ki, o hansı marşrut üzrə gedəcək? Orada istər-istəməz ağaclar da kəsiləcək, kommunikasiyalar da yenidən işlənəcək. Bu söhbətlərin hamısına siyasi motivlər prizmasından yanaşıram. Hesab edirəm ki, bunun siyasi kökləri var. Bu köklərlə də son akkordlarını vururlar. Çünki Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatmaq üzrədir. İtaliya hökumətinin başqa bir seçimi yoxdur. Zəhmət çəkib, tikintinin başa çatması üçün üzərlərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəklər. Bunu istəsələr də, istəməsələr də edəcəklər".

Sabiq nazir layihə qarşısında əngəllərin qalıb-qalmadığına da toxundu: “Hesab edirəm ki, əngəllər aradan qalxıb. Əngəllər başlanğıcda daha böyük idi. İndikindən bir on dəfə böyük idi. Burada Rusiya amili var və bu da təbiidir. Çünki şimal qonşumuz öz qazını satmaq istəyir. Avropa ilə Rusiya arasındakı münasibətlər siyasi motivlər fonunda gərgindir. Bu ölkəyə qarşı Qərb sanksiyalar tətbiq edir. Qərbin istəyi rus qazından asılılıqdan qurtulmaq, yaxud da bunu azaltmaqdır. Rusiyanın böyründən Azərbaycan qazı çıxır və üzünü Avropaya tutur. Bu baxımdan haradasa Rusiyanın mövqeyi aydındır. İqtisadi maraqlar olan yerdə heç bir münasibətə baxılmır. Bu tarix boyu belə olub. Dövlətlərin də insanlar kimi öz psixologiyası var. Layihənin başlanğıcında Rusiyanın qısqanclığı kifayət qədər böyük idi. Həyat göstərdi ki, prezident İlham Əliyevin iradəsi ilə bu layihə necə nəzərdə tutulmuşdursa, o cür də reallaşdırıldı. TAP layihəsi də uğurla başa çatdırılacaq. Gələcəkdə hətta bu layihənin genişləndirilməsi real görünür. Türkmən qazı qoşulacaq, eyni zamanda, Qərblə problemlər aradan qalxandan sonra İran qazının da bura qoşulma şansları var. Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün o qədər önəmlidir ki, Avropa bu layihədən birəlli deyil, ikiəlli yapışıb. Buna görə İtaliyanın bu layihəyə qarşı getməsi praktik olaraq mümkün deyil. Çünki bu ölkə Avropa İttifaqına qarşı gedə bilməz. Sadəcə, orada müəyyən qüvvələr ürək bulandırır. Onu da sifarişli şəkildə edirlər. Bunun heç bir nəticəsi olmayacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.