İcra başçısını töhmətləndirən binanın tikintisi davam edəcəkmi - FOTOLAR
21-04-2015, 10:09
“Neçə gündür ki, tikintini saxlayıblar. Gələn-gedən də yoxdur. Ancaq sahə elə əvvəlki kimi hasarlanıb qalıb. Əslində düz edib tikməyə icazə vermirlər. Bu ərazidə bina tikmək düzgün deyil. Çünki yan-yörəsi yaşayış binalarıdır. Yaxşı olar ki, burda sakinlər üçün baxça salınsın. Özün də görürsən ki, həyətyanı sahə kimi nəzərdə tutulub. Amma gəlib hasarlayıblar, qalıb belə. Yaxşı bir bina da tikilsə necə olacaq? Sıxlıq yaranacaq. İndi deyirlər ki, tikməyə icazə verilməyib, sənədi-sübutu yoxdur. Bundan sonra necə olacaq day bilmirəm”.
Bu sözləri bizimlə söhbətində Yasamal rayonu, 593-cü məhəllədə yaşayan sakinlərdən biri - Kamil dedi. O, Akim Abbasov küçəsi, 25 saylı ünvanda tikilən, prezidentin tapşırığından sonra dayandırılan tikinti barəsində danışarkən söylədi ki, bir də çətin inşasına icazə verilsin. Onun sözlərinə görə, bu nə sakinləri qane edir, nə də ictimailəşəndən sonra yenidən tikintini davam etdirmək inandırıcı görünür.
Kamil deyir ki, onların hansı şirkətin burada iş görməsindən xəbəri olmayıb. Müşahidələrimizə əsasən demək olar ki, böyük bir sahədir və gölün bir hissəsini qurudub işə başlayıblar. İndi gölün adı qalıb, yerində isə göydələnlər inşa olunub. Növbəti belə bir göydələni də “Lake Residence” MMC inşa etmək istəyib ki, sənədsiz olduğu üçün dayandırılıb. Üstəlik, Yasamal rayon icra başçısı İbrahim Mehdiyevə də töhmət verilib. Hazırda həmin ərazi istifadəsiz qalıb.
Ətrafdakı yaşayış kompleksinin pilləkənindən əraziyə giriş var. Lakin hasarı adlayıb keçmək lazımdır. Sakinlər qeyd edirlər ki, tikinti işləri davam etdirilsə uşaqların əyləncəsinə, yaşlıların istirahətinə yer qalmayacaq. Şirkətə gəlincə, barəsində nə rəsmi, nə qeyri-rəsmi məlumat var. İnternet resurslarında da bu adda firma haqda informasiya yerləşdirilməyib. Yalnız qış aylarında ərazidən çəkilmiş reklam xarakterli fotosuna rast gəlmək olar.
Axar.az-ın əldə etdiyi xəbərə görə, İ.Mehdiyevə verilən töhmətdən sonra “Lake Residence” MMC tikinti işlərini həyata keçirmək üçün icazə sənədi almağa çalışır. Sənədləşmə işləri müsbət həllini tapdıqdan sonra qurudulmuş gölün yerində abadlıq işləri görüləcək, park salınacaq, sakinlərin istirahəti üçün şərait yaradılacaq. Bu məsələlər artıq razılaşdırılıb. Yəqin ki, bina da tikiləcək.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı “Lake Residence” MMC tərəfindən tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi alınmadığı müəyyən edilib. Həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulması həyata keçirilmişdi.
Bununla əlaqədar MMC rəhbərliyinə xəbərdarlıq edilmiş, orada aparılan qanunsuz tikinti işlərinin ləğv edilməsi, gölün doldurulmuş hissəsinin təmizlənməsi və ətrafda əhalinin istirahətinin mənalı təşkili üçün ərazidə yüksək səviyyədə abadlaşdırma işlərinin öz vəsaiti hesabına həyata keçirilməsi tapşırılmışdı.
Tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyinə görə Yasamalın icra başçısına da Bakı meri Hacıbala Abutalıbov tərəfindən töhmət verilmişdi.