Azərbaycandakı əsir erməni diversantlar Paşinyanın başağrısına çevrilir
23-11-2018, 08:32
Erməni baş nazir nədən əsirləri dəyişmək istəmir?
Emənistanın Berdavan kəndinin sakinləri baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyana Azərbaycanda saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə keçirilən aksiyalarla bağlı yazılı müraciət ünvanlayıblar. Kənd sakinləri müraciətdə onları təhqir edən Paşinyan və hökumətindən üzr tələb ediblər.
Qeyd edək ki, Ermənistanın Tavuş vilayətində yerləşən Berdavan şəhərinin sakinləri noyabrın 18-də yolu bağlayaraq, hakimiyyətdən 4 aydan bəri Azərbaycanda saxlanılan 34 yaşlı Karen Kazaryanın geri qaytarılmasını tələb ediblər. K. Kazaryanın anası deyib ki, onların etiraz aksiyası keçirməkdən başqa çarəsi yoxdur.
Noyabrın 19-da isə Berdavan sakinləri Gürcüstana gedən yolu bir neçə saat bağlı saxlayıblar. Habelə İrəvanda baş nazirin iqamətgahı qarşısında aksiya keçiriblər. Noyabrın 20-d isə jurnalistlərə verdiyi açıqlamasında Paşinyan Azərbaycanla sərhəddə yerləşən kənddə hökumətdən əsiri Azərbaycandan geri almaq, dəyişmək tələbi keçirilən aksiyalara mənfi münasibətini ortaya qoyub.
Paşinyan deyib ki, bu aksiyaların səbəbini anlamır: “Mənim arvadım iki dəfə Kazaryanın ailəsinə baş çəkib. Məsələ heç vaxt diqqətdən kənarda olmayıb. Lakin bu günlərdə keçirilən aksiyalar sual doğurur-bu aksiyalar kimə qarşı yönəlib? Əgər Azərbaycana qarşı yönəlibsə o zaman yolu bağlamaq nəyə lazım idi, hansı ki, Azərbaycanın strateji hədəflərindən biri bu yolun bağlanmasıdır. Əgər bizə qarşı yönəlibsə və hesab edirlərsə ki, problemə lazımi diqqət ayırmırıq, o zaman xatırladıram ki, arvadım iki dəfə ailəyə baş çəkib. Elə presedent olubmu ki, bu cür situasiyaya düşən ailəyə belə diqqət ayrılsın? Əgər söhbət ondan gedirsə ki, Ermənistan səyləri artırmalıdır, o zaman başa düşmək lazımdır ki, proses Ermənistanın maraqlarına cavab verəcəkmi? Yaxud tələb etmək olarmı ki, məsələ istənilən qiymətə həll edilsin və ictimaiyyətin buna necə yanaşacağı əhəmiyyət daşımasın? Bunlar sadə məsələlər deyil”.
Paşinyan qeyd edib ki, Azərbaycan tərəfi əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib. “Biz buna getməliyikmi? Bəs biz öldürülənlərin ailəsindən soruşmuşuq?” - o Dağlıq Qarabağda girov saxlanılan Azərbaycan vətəndaşı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi xatırladaraq bildirib.
“Belə çıxır ki, Azərbaycana iki Ramil səfərov da qaytaraq? Kazaryanlar ailəsinin faciəsini başa düşürəm və anlayışla qarşılayıram. Amma birbaşa deyirəm - Gürcüstana gedən yolu bağlamaq mənə aydın deyil. Yəni nəsə edə bilərdik və bunu etməmişik?”-Paşinyan deyib.
Paşinyanın bu açıqlamaları Berdavanda etirazları daha da qızışdırıb. Erməni baş nazirin açıqlamaları onun Azərbaycan tərəfində saxlanılan üç erməni diversantı (Arsen Baqdasaryan, Zaven Karapetyan, Karen Kazaryan) azərbaycanlı əsir və girovlarla dəyişmək niyyətində olmadığı kimi qəbul edilib. Bu isə narazılıqları daha da artırıb.
Bəs, Paşinyan əsirləri niyə dəyişmək istəmir?
Politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı iki azərbaycanlı girov Dilqəm Əsgərovu və Şahbaz Quliyevi qaytarmaq istəmir: “Onun iddiasına görə iki girovumuz Dağlıq Qarabağda adam öldürüblər. Buna görə də Paşinyanın sözlərinə görə, İrəvan iki azərbaycanlı girovu Azərbaycanda həbsdə saxnanılan erməni diversantlarla dəyişmək istəmir. Ancaq Paşinyanın istəyindən asılı olmayaraq Azərbaycanda həbsdə olan ermənilərin qohumları son günlər Ermənistanda fəallaşıblar, ölkələri üçün strateji yolları kəsib etiraz edirlər. Onlar tələb edirlər ki, əsirlər dəyişdirilsin. Əslində onlar bununla Azərbaycanın irəli sürdüyü ”hamının hamıya" prinsipinə dəstək verirlər.
Paşinyan hələ ki, müqavimət göstərir. Ermənistan baş naziri bildirir ki, Dağlıq Qarabağdakı iki girovu Azərbaycana qaytarsa Ramil Səfərov olayı təkrarlanacaq. Yəni Paşinyan demək istəyir ki, iki girovumuz Bakıda qəhrəman kimi qarşılanacaq. Həqiqətən də Azərbaycanda iki girovumuz Ramil Səfərov kimi qarşılanacaq. Buna haqları da çatır. Bu qarşılanma isə Ermənistanda etirazla qarşılanacaq və müxalifət Paşinyana ciddi suallar ünvanlayacaq. Paşinyan da bundan ehtiyat edir. Ancaq Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni diversantların qohumlarına da nəsə deməlidir. Biz isə elə etməliyik ki, sərhəddə ələ keçirdiyimiz erməni diversantların sayını artıraq. Yeni əsirlər Paşinyana ölkə daxilində təzyiqin artması deməkdir. Əsirlərin dəyişdirilməsi mövzusu Paşinyana ciddi təzyiq alətidir və bu alətdən Azərbaycan istifadə etməlidir".
Xatırladaq ki, diversant Karen Kazaryan bu il iyulun 15-də Azərbaycan tərəfinə keçərkən saxlanılıb. Noyabrın 20-də isə Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Kazaryan üzərində baxış iclası keçirilib. Növbəti məhkəmə prosesi 27 noyabrda keçiriləcək.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”