“İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur” - Həkim ekspert VİDEO
6-12-2015, 17:21
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur. Nəzərə alsaq ki, onlar suya iki gün əvvəl düşüblər və son günlər havalar soyuq keçir, belə nəticəyə gəlmək olar ki, onlar dünyasını dəyişib”.
Bu fikirləri ANS PRESS-ə həkim Adil Qeybulla deyib. Onun sözlərinə görə, təkcə dünən axşamı götürsək havanın temperaturu 3 dərəcəyə qədər enib:”Biz quruda yaşayırıq və son günlər havaların çox soyuq olduğunu özümüz hiss edirik. Dünən gecə hava +3 dərəcə olub. Bu temperatur quruda belədirsə dənizdə daha aşağıdır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, itkin düşən dənizçilərin orqanizminin belə soyuq havaya tab gətirməsi fizioloji cəhətdən mümkün deyil. Əgər yay fəsli olsaydı, onların sağ qalmaq şansı olardı. Hazırki havada isə çox güman ki, həmin şəxslər donublar”.
Adil Qeybulla- Həkim
Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 2-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.
“Günəşli” neft yatağının 10-cu platformasındakı yanğın.
İtkin düşmüş insanların axtarış- xilasetmə əməliyyatlarına SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
10-cu platformada qəza ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri Baş nazir Artur Rasi-zadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə prezidentə mütəmadi məlumat verilir.