“AzərTac”ın xarici büroları ilə bağlı qalmaqal: Prezident Administrasiyasına şikayət olunub
11-09-2020, 00:25
![“AzərTac”ın xarici büroları ilə bağlı qalmaqal: Prezident Administrasiyasına şikayət olunub](/uploads/posts/2020-09/1599769584_1.jpg)
Azərbaycan Dövlət İnformasiya Agentliyində (“AzərTac”) çalışan əməkdaşlar, o cümlədən agentliyin xarici bürolarındakı müxbirlərilə bağlı qalmaqal yaranıb.
Bu barədə “Bizimyol.info”ya məlumat verən mənbənin sözlərinə görə, mübahisə Prezident Administrasiyası səviyyəsinə çatıb. Əməkdaşlardan biri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə məktub yazıb:
![](/uploads/posts/2020-09/1599769580_2.jpg)
Samir Nuriyev
“Prezident Administrasiyasına şikayət edən xaricdəki müxbirlərdəndir. “AZərTac”ın xarici ölkədə müxbiri olmaq asan məsələ deyil. İstər maaşına görə, istərsə də xarici ölkədə yaşamaq, xidməti pasporta sahib olmaq və başqa imtiyazlar baxımından yaxşı iş sayılır. Ona görə də xarici bürolarda işləyənlər çox vaxt kiminsə qohumu, dostu olur. Hazırkı xarici müxbirlərin əksəriyyəti Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə, ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənova yaxın olan şəxslərdir. Onlar vəzifədə olduğu dövrdə təyin ediliblər.
Prezident Administrasiyasına şikayət edən jurnalist də xarici büroda işləyir. Amma onu himayə edən olmayıb. Ona görə də şikayətində yazıb ki, arxasında dayanan kimsə olmadığına görə təzyiqə məruz qalır, ona məcburi şəkildə işdən çıxmaq barədə ərizə yazdırıblar”.
“AzərTac”ın xarici ölkələrdə 20-dən artıq bürosu var. Mənbənin bildirdiyinə görə, Özbəkistandakı müxbir Ramiz Mehdiyevin həyat yoldaşının qohumudur. Böyük Britaniyadakı xanım müxbirin də Ramiz Mehdiyevin qohumu olduğun iddia edilir. Almaniya və Mərkəzi Avropadakı xüsusi müxbir Vüqar Seyidovun isə Əli Həsənovla dost olduğu bildirilir: “Vüqar Seyidovun özü ilə yanaşı, həyat yoldaşı Pərvanə Qarayeva da “AzərTac”ın başqa bir xarici bürosunda çalışır, Avstriya-Macarıstan bürosunun müxbiridir. Macarıstanda yaşayırlar. Bu ailəyə jurnalistlər üçün tikilən birinci binadan ev verilib. O vaxt Prezident binanın açılışına gələndə onların mənzilinə baxmışdı. O evə bütün avadanlıqlar “AzərTac”ın puluna alınmışdı. Türkiyə bürosundakı Sabir Şahtaxtı da Əli Həsənova yaxındır. Onun da evi olduğu halda. Jurnalistlər binasından ona mənzil verilib”.
“AzərTac”ın işçiləri siyahısında bir sıra sabiq və indiki məmurların həyat yoldaşlarının da adı var. Mənbənin sözlərinə görə, sənədlərdə onların adı işçi kimi qeyd olunsa da, onların üzünü görən olmur: “Teleradio Şurasının keçmiş rəhbəri Nuşirəvan Məhərrəmlinin həyat yoldaşı Xalidə Məhərrəmova 15 ildir rəsmən “AzərTac”ın əməkdaşıdır. Amma adı işçidir, özü yox. Müqavilələr yenilənəndə belə, əziyyət çəkib işə gəlmir imzalamaq üçün, göndərirlər, evdə imzalayır. Hazırda vəzifədə olan şəxslərin də belə qohumları var ki, sənədlərdə “AzərTac”ın işçisi gedir”.
N.Məhərrəmli 17 il (2003-2020) Teleradio Şurasına sədrlik edib, bu ilin aprelində vəzifəsindən uzaqlaşdırılıb. Məlumata münasibət öyrənmək üçün onunla əlaqə saxlasaq da, telefon zənglərinə cavab verməyib.
“Azərtac”dan isə bildirilib ki, qurumun rəhbəri Aslan Aslanov Türkiyə-Azərbaycan Media Platformasının yaradılması ilə əlaqədar səfərdə olduğuna görə iş yerində yoxdur.